26 Aprel 2018 09:27
18 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleyman Sani Axundov…

“Qorxulu nağıllar” qaldı ondan.

Amma bir qorxulu nağılı o şəxsən, öz cismiylə, ruhuyla yaşamışdı.

18 yaşındaydı.

Qoridə oxuyurdu.

Hər şey onun növbətçi olduğu gün (10 yanvar, 1893) məktəbə göndərilən çörəyin keyfiyyətsiz olmağı ilə başladı.

Azərbaycan şöbəsinin inspektoru Çernyayevski Süleymana pul verib onu çörək almağa göndərdi.

Süleyman Qoridə qərib idi, gürcücə bilımirdi.

Çörəyin qiymətini ona baha dedilər, o da aldı.

Çernyayevski onun oğurluq etməsindən şübhələndi.

Sabahısı gün onun çörək aldığı dükan yoxlandı, Süleymanın düz dediyi aydın oldu.

Yoxlamanın nəticəsi haqqında da Süleymana məlumat verildi.

Lakin izzəti-nəfsi təhqir edilən Süleyman rahat olmadı, 22 yanvarda o, şagirdlərin gözü qarşısında nümayişkaranə şəkildə Çernyayevskinin qarşısında ayağa durmadı.

Sabahı günün gecəsi məsələsi intizam komissiyasında qoyulanda o, intihar məktubları yazırdı.

Oturub dörd məktub yazdı, birinci məktub dayısı İsmayıl bəy Səfərəliyevə ünvanlanmışdı: “Mən bu ləkə ilə yaşaya bilmərəm”.

İkinci məktub seminariya yoldaşı Musaya yazmışdı:

“Elə mənim üçün kifayətdir ki, dünyada məni başa düşə bilən bir adam tapmışam. Sabah mənim qanlı meyitimi görüb deyəcəksən: Burda bir qərib ölüb; Göy ağlar, bulud kişnər. Əlvida, dostum. Məni heç bir vaxt yadından çıxarma. Öpürəm səni”.

Üçüncü məktub Çernyayevskinin adına idi:

“Mən namuslu olduğumu yoldaşlarım yaxşı bilirlər. Desələr, Axundov filan işdə dələduzluq edib, əminəm ki, onların heç biri buna inanmaz... Ağ saçlarınızdan utanın, qoca! Eh! Siz mənim başıma nə iş açdınız!”

Dördüncü məktubla isə borclu olduğu Saşaya xitab eləyirdi:

“Sabah doqquz manatınızı alacaqsınız. Mən sizin pulunuza üzük yox, bizim şüşəçi Xaritovdan tapança almışam. Şərtimiz belədir: əgər onun tapançası mənim xoşuma gəlməsə, özünə qaytarıb pulu geri almalıyam”.

Məktublar yazıldı, tapança hazırlandı, saat 5-də güllə açıldı.

Sabahısı gün seminariyanın direktorunun Qafqaz Təhsil İdarəsinin rəisinə təqdim etdiyi raportda seminariya həkimi Saakovun verdiyi arayışa istinad edilmişdi:

“Axundovun atdığı güllə onun sol döşünün əzələsini yarım verşok enində dəlib keçmişdir və bu yara Axundovun həyatı və səhhəti üçün qorxulu deyildir”.

Pedaqoji Şura onun intihar etməsini müzakirə edərkən Çernyayevski iclasda iştirak etməsə də, yolladığı yazılı rəydə Axundova hər hansı bir cəza verilməsini insanlıqdan kənar hesab etdiyini vurğulamışdı.

Xəstəxanada yatarkən Çernyayavski dəfələrlə Süleymanı ziyarət etdi.

Lakin bu intihar Çernyayevski üçün yaxşı qurtarmadı, dəfələrlə müxtəlif orqanlara çağırıldı, axırda məcbur olub ərizə yazdı və təqaüdə çıxdı.

Azərbaycan xalqının maariflənməsi üçün qapı-qapı gəzib Qoriyə uşaq toplayan, dilimizdəki ilk dərslikləri yazan Çernyayevskinin karyerası təəssüf ki, bu cür nöqtələndi.

Süleyman isə böyüdü, müəllim oldu, yazıçı oldu və öz qürurunu daima hər şeydən uca tutdu.

Çünki o, 18 yaşında həyatın keşməkeşlərini anlayan bir müdrik idi.


Müəllif: Qan Turalı

Oxşar xəbərlər