13:11
Cənubi və Şimali Koreya arasında tarixi anlaşma əldə olunub.
Teleqraf.com-un xəbərinə görə, iki ölkənin liderləri Koreya yarımadasının nüvəsizləşdirilməsi barədə razılığa gəliblər.
***
Bu gün Koreya Respublikasının prezidenti Mun Çje İn və Şimali Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In birgə Bəyannamə imzalayıblar.
Sənəd “Sülh, inkişaf və Koreya yarımadasının birləşməsi haqqında Pxanmuncom Bəyannaməsi” adlanır.
Dövlət başçıları təsdiqləyiblər ki, hər iki ölkənin ümumi məqsədi Koreya yarımadasında denuklearizasiya, yəni nüvə tərksilahı aparmaqdır: “Cənub və Şimal Koreya yarımadasının denuklearizasiyası məsələsində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq üçün fəal səylər göstərmək barədə razılığa gəldilər”.
Bəyannamədə deyilir ki, Cənubi Koreya və KXDR bir-birinə qarşı düşmənçilik fəaliyyətlərini dayandırırlar: “Koreya yarımadasında bir daha heç vaxt müharibə olmayacaq, yeni sülh dönəmi başlayıb!”
Ölkələr sərhəd rayonlarında təbliğat məqsədilə istifadə etdikləri bütün fiziki vasitələri ləğv etmək barədə razılığa gəliblər: “Biz istənilən düşmənçilik fəaliyyətindən imtina edirik. Bu, mayın 1-də baş verəcək və təbliğat yayımı vasitələrinin ləğvini, eləcə də demilitarizasiya zonasında vərəqələrin yayılmasının tam dayandırılmasını ehtiva edəcək”.
Hər iki ölkə başçısı daimi əlaqə (o cümlədən, müdafiə nazirləri səviyyəsində) saxlamaq qərarına gəlib. Onlar 1950-53-cü illər Koreya müharibəsindən sonra ayrılmış ailələrin görüşlərinin bərpası haqda razılığa gəliblər: “Cənub və Şimal xalqın parçalanmasından yaranan humanitar problemləri həll edəcəklər. Bu məqsədlə Qırmızı Xaçın xətti ilə dialoq və ayrı düşmüş ailələrin görüşü təmin olunacaq. Növbəti görüş avqustun 15-də keçiriləcək”.
Tərəflər iki ölkənin dəmir yollarının birləşdirilməsi barədə də razılıq əldə ediblər.
Cənub və Şimal perspektivdə sülh müqaviləsi imzalamaq niyyətindədir: “KXDR və Koreya Respublikası 1953-cü ildən bəri davam edən atəşkəs razılaşmasına son qoyurlar və onu sülh müqaviləsinə transformasiya edəcəklər. Bu məqsədlə Şimali Koreya, Cənubi Koreya və ABŞ üçtərəfli və ya dördtərəfli sammitin keçirilməsini dəstəkləyəcəklər ki, möhkəm sülh bərqərar olsun”.
***
Cənubi Koreya və Şimali Koreya liderlərinin görüşü başa çatıb. Hazırda iki lider həyat yoldaşlarının müşayiəti ilə bədii hissəyə tamaşa edirlər.
***
Artıq görüş başa şatıb. Şimali Koreya lideri və xanımı ölkəsinə geri dönüb. Az sonra Cənubi Koreya Prezidenti də Seula yollanıb.