Baş nazir Nikol Paşinyan hakimiyyətə demokratik şüarlar və özündən əvvəlki hərbi xuntanı sərt tənqid edən fikirlərlə gəldi. Ermənistan cəmiyyətinə demokratik vədlər verdi.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Ermənistan baş nazirinin vədlərini yerinə yetirib-yetirməyəcəyi naməlumdur:
“Hazırda Ermənistanda sürətli miqrasiya prosesi gedir. Az qala Rusiyada yaşayan ermənilər Ermənistanda yaşayan ermənilərdən iki dəfəyə çoxdur. Ermənistanda cəmi 1.5 milyona yaxın erməni qalıb. Rəsmi rəqəmlər isə bundan iki dəfə çoxdur. Yəni, Ermənistan regionun başına bəla olsa da, əhalisinin sayı kifayət qədər aşağıdır. Çünki ölkənin iqtisadi potensialı və əhalinin rifah halı aşağı səviyyədədir. Yəni, Paşinyanın vəd etdiyi iqtisadi islahatları həyata keçirmək və xalqın rifah halını yüksəltmək imkanları yoxdur. Erməniləri maraqlandıran əsas məsələlər iqtisadi və maddi vəziyyətin yaxşılaşdırılması, qanun pozuntularının qarşısının alınmasıdır.
Küncə sıxışıb qalmış Ermənistanda ona görə acınacaqlı vəziyyət hökm sürür ki, Paşinyandan əvvəlki hərbi xunta hakimiyyəti qan tökmək yolu ilə ələ keçirmişdi. Qarabağda dirsəklərinə qədər qana batmış Serj Sərkisyan və Robert Köçəryan hakimiyyət başına keçdikdən sonra özlərinə qarşı çıxanları ən amansız üsullarla dayandırdılar. 10 il əvvəl Ermənistanda baş vermiş mart hadisələri vaxtı 31 nəfər öldürülmüşdü”.
Qabil Hüseynlinin qənaətinə görə, Nikol Paşinyanın cəmiyyətə verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyi Azərbaycan üçün o qədər də maraqlı deyil: “Ermənistana gələn bəla, ermənilərin necə yaşayacaqları bizi az maraqlandırır. Bizi maraqlandıran əsas məsələ Qarabağdır. Azərbaycan əraziləri bu dövlət tərəfindən işğal edilib, 1 milyondan çox vətəndaşımız etnik təmizləməyə məruz qalıb – onlar öz yurdlarından zorakı yollarla çıxarılıb”.
Politoloq qeyd edib ki, bütün cinayətlərin məsuliyyəti Ermənistanda hakimiyyətdə olmuş hərbi xunta rejimlərindədir. Qabil Hüseynli Azərbaycan prezidentinin iftar mərasimindəki çıxışında da, bu məsələyə toxunduğunu və nəhayət Ermənistanın yeni hakimiyyətinin bu səhvlərə görə geri addım atacağına ümid etdiyini diqqətə çatdırdı:
“Azərbaycana ən böyük zərbəni də həmin xuntalar vurub. Xocalı soyqırımını da Köçəryan və Sərkisyanın başçılıq etdiyi xuntalar törədib. Yəni, Paşinyana çox pis irs qalıb. Buna görə də Paşinyanın Qarabağla bağlı hansı addımları atacağı naməlumdur. Ermənistanda hakimiyyətdə kimin olub-olmamasından asılı olmayaraq, onların hamısının erməni xisləti eynidir. Paşinyan Sərkisyandan da sərsəm təkliflər irəli sürür. Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsi, yaxud Qarabağın Ermənistana birləşdirilməsi və dünyaya tanıdılması kimi sərsəm ideyaların müəllifi də Paşinyandır.
Hesab edirəm ki, Paşinyan Qarabağla bağlı İrəvanın mövqeyini daha da sərtləşdirəcək”.