12 İyun 2018 15:11
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya və ABŞ prezidentləri arasındakı görüşün uzun illər davam etmiş böhranı başa çatdıracağına inanmıram. Şimali Koreyada sosializm adı altında qurulmuş “kazarma üsul-idarəsi”, sülalə hakimiyyəti forması və Kim Çen İnin ruhi vəziyyətinin yerində olmadığını nəzərə alsaq, imzalanmış müqavilələr effektli olmaya bilər.

Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli belə deyib.

Həm ABŞ prezidenti, həm də Şimali Koreya liderinin şıltaq olduğuna diqqət çəkən politoloq qeyd edib ki, onlar bu şıltaqlıqlarından irəli gələrək ya müqavilələri ləğv edə, ya da üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə bilərlər:

“Digər yandan, Çin və Rusiyanın Şimali Koreya üzərində təsiri daha böyükdür. Bu da Trampla bağlanmış müqavilənin kağız üzərində qalmasına gətirib çıxara bilər. Söhbət Şimali Koreyanın tərk-silah edilməsindən, yaxud qeyri-nüvə bölgəsinin yaradılmasından gedir. Həmçinin, Cənubi Koreyanı Kim Çenin ballistik raketlərinin hədəfindən yayındırılması da bura daxildir. Bunları həyata keçirmək mümkün deyil. Tramp və Kim Çenin görüşündən əvvəl Sergey Lavrov Şimali Koreyaya getmişdi. Bu səfərdə Şimali Koreya lideri və Vladimir Putin arasında görüşün keçirilməsi müzakirə edildi.

Bu da onu göstərir ki, Şimali Koreya bir çox məsələləri Rusiya ilə razılaşdırır. Rusiyanın dəstəyi olmasa, Şimali Koreya blokadada məhv olardı”.

Qabil Hüseynlinin sözlərinə görə, Rusiya ilə yanaşı, Çin də Pxenyana güclü dəstək verir: “Çinin Şimali Koreya üzərindəki təsiri daha güclüdür. Kim Çen İnin Trampla görüşdən əvvəl Çinə getməsi göstərir ki, o, bir sıra məsələləri Pekinlə razılaşdırıb. Bundan əvvəl Kim Çen Cənubi Koreyaya səfər etdi və bu səfər əsnasında hər iki Koreyanın birləşdirilməsi razılaşdırıldı. Amma hələ də bu istiqamətdə addımlar atılmır.

Başqa sözlə, Tramp və Kim Çen arasında imzalanmış sazişin şərtlərinin yerinə yetirilməsi çətin olacaq. Şimali Koreya liderini yola gətirmək cəhdlərinin nəticə verəcəyi də inandırıcı görünmür”.


Müəllif: Mənsur Rəğbətoğlu