Yunanıstanla 6 aydır davam edən danışıqlardan sonra Makedoniyanın Baş naziri Zoran Zayev ölkəsinin adının dəyişdirilməsinə razılıq verib.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin adı bundan sonra Şimali Makedoniya Respublikası (Republika Severna Makedonija) adlandırılacaq.
Bundan sonra Yunanıstanın Baş naziri Aleksis Çipras Makedoniyanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə əngəl olan vetonu geri götürəcəyini açıqlayıb. Tərəflər arasında anlaşma iyunun 16-da imzalanacaq.
Anlaşmaya əsasən, ölkənin adının dəyişdirilməsi ilə yanaşı, Makedoniya Konstitusiyasında Yunanıstan əleyhinə olan maddələr çıxarılacaq.
NATO-nun Baş katibi Yens Stoltenberq Yunanıstan və Makedoniya arasında ad probleminin həll edilməsinin tarixi hadisə olduğunu bildirib.
O, bununla Makedoniyanın NATO-ya yolunun açıldığını da qeyd edib.