Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa şəhərinin Suruç rayonunda deputatın qardaşının ölümü ilə nəticələnən hücumun PKK tərəfindən həyata keçirildiyini açıqlayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, ölkə prezidenti hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə qarşı hücumu pisləyib.
Prezident qeyd edib ki, İbrahim Halil Yıldızın seçki kampaniyasını həzm edə bilməyənlər dünən necə idisə, bu gün də eynidir: “Hadisə zamanı millət vəkilimizin qardaşı, qarşı tərəfdən 2 nəfər ölüb, 9 yaralı var. Millət vəkilimizin həyatını itirən qardaşına Allahdan rəhmət diləyirəm. Bu hadisə PKK və HDP-nin kürdlərin qanından bəslənərək böyümək strategiyasından əl çəkmədiklərini göstərir. Kürd qardaşlarımızla heç bir problemimiz yoxdur. Bizim PKK problemimiz var. Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram. Bu hadisənin önündə və arxasında kim varsa, hüquq-mühafizə orqanlarımız onları yaxalayacaq. Dillərindən demokratiya sözü düşməyən, amma əllərindən də silahı buraxmayanlara dərslərini verdik, veririk və verəcəyik”.
Xatırladaq ki, ötən gün Türkiyənin hakim partiyasının deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum olub. Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər. Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.