İyunun 8-9-da Kanadanın Kvebek əyalətində keçirilən G-7 ölkələrinin sammiti ilə bağlı daha bir qalmaqallı məsələ ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” qəzeti Avropa İttifaqının yüksək vəzifəli əməkdaşına istinadən Birləşmiş Ştatlar Prezidenti Donald Trampın müttəfiqlərinin ünvanına kəskin bəyanatlar səsləndirdiyini yazıb.
“Siz bunu bilməlisiniz, Emmanuel, çünki bütün terrorçular Parisdə yerləşir”, - Tramp Fransa Prezidenti Emmanuel Makrona belə deyib.
Miqrasiya məsələlərinin müzakirəsi zamanı Tramp Yaponiyanın Baş nazirinə deyib:
“Sindzo, sizdə bu problem yoxdur, amma mən sizə 25 milyon meksikalını göndərə bilərəm. Bu zaman siz çox tezliklə işsiz qalacaqsınız”.
ABŞ lideri ən ağır sözləri isə Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin ünvanına səsləndirib. D.Tramp ABŞ mallarına tətbiq etdiyi rüsumun məbləğinin artırılmasına görə onu “qəddar qatil” adlandırıb.