Dubayda “nüvə beşliyinə” daxil olan ölkələrin - Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniyanın nümayəndələrinin görüşü keçirilib.
Teleqraf.com "Kommersant" qəzetinə istinadən xəbər verir ki, görüş dekabrın 4-də baş verib, lakin Çin Xarici İşlər Nazirliyi bunu yalnız dekabrın 10-da açıqlayıb.
Bəyanatın dərcində yaranan bu boşluq təşkilata üzv dövlətlərin kommunikasiya üzərində razılığa gəlməsi üçün uzun müddət tələb etməsi ilə bağlıdır.
Bu, Çinin “nüvə klubu” formatında illik sədrliyi çərçivəsində ilk tam hüquqlu məsləhətləşmələr idi. Nəşrin qeyd etdiyi kimi, 2022-ci ilə qədər belə tədbirlər sədrlik edən ölkələrin paytaxtlarında keçirilirdisə, o vaxtdan bəri üçüncü ölkələrdə keçirilir.
"İclasda ekspert səviyyəli məmurlar iştirak edib. Tərəflər nüvə doktrinaları mövzusunda səmimi müzakirə aparıblar və belə bir müzakirənin bir-birinin nüvə doktrinalarını daha dərindən dərk etmək, anlaşılmazlıq və yanlış hesablamalara yol verməmək üçün vaxtında olduğu qərara gəliblər”, - deyə Çin Xarici İşlər Nazirliyi bildirib.