İranın ali dini lideri Əli Xamneyi Ramazan bayramı münasibətilə ölkə rəsmiləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, ali dini lider görüş zamanı İsrailə qarşı sərt bəyanatlar səsləndirib.
Tel-Əvivi regionun müsəlman ölkələri arasında ixtilaflar yaratmaqda ittiham edən Ə.Xamneyi deyib:
“Sionist rejiminin problem onun legitimsizliyidir. Sözsüz ki, qanunsuz əsaslarla yaranmış bu rejim Allahın köməkliyi və müsəlman xalqlarının iradəsi ilə məhv edilib aradan qaldırılacaq. Dünya müstəmləkəçilərinin bölgədə yürütdüyü bugünki siyasət müsəlman ölkələrin əhalisi arasında ixtilaf və uçurum salmaqdır. Məhz buna görə də, hesab ediəm ki, cinayətkar Amerika və sionistlərin bu siyasətinin qarşısını almağın yeganə yolu düşmənin niyyətindən xəbərdar olub onun qarşısında dayanmaqdır”.
O, həmçinin müstəqil Fələstin dövlətinin yaranması üçün fələstinlilər arasında referendum keçirilməsini vacib saydığını bəyan edib:
“Düşünürəm ki, həqiqi fələstinlilər arasında belə bir referendumun keçirilməsi və Fələstin dövlətinin yaranması, İsrailin hökmən məhvi deməkdir”.