Suriyada müharibənin başlanmasından sonra bu ölkədə yaşayan erməniləri çıxarmağa başlayıblar.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq hesab edir ki, Ermənistan hakimiyyəti suriyalı erməniləri işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirmək niyyətindədir:
“Suriyalı ermənilər Ermənistan adı altında Qarabağa köçürülür. Məqsəd işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşma siyasətini gücləndirməkdir. Lakin Ermənistan rəhbərliyinin bu avantürası bir müddətdən sonra boşa çıxdı. Çünki ilk mərhələdə Qarabağa gələn suriyalı ermənilər buradakı ağır vəziyyəti gördükdən sonra bölgəni birdəfəlik tərk edərək başqa ölkələrə üz tutdular.
İndi isə Ermənistan hakimiyyəti Avropa İttifaqının maliyyə yardımı ilə bu avantürist siyasətini davam etdirməyi planlaşdırırlar.
Hesab edirəm ki, bununla bağlı Avropa İttifaqına rəsmi qaydada etiraz edilməlidir. Heç bir halda işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşmaya icazə verilməməlidir və Avropa İttifaqının Ermənistana ayırdığı maddi vəsaitlərin hansı istiqamətlər üzrə xərclənəcəyi araşdırılmalıdır”.
Qeyd edək ki, Avropa İttifaqı Suriyada yaşayan ermənilərin Ermənistan ərazilərində yerləşdirilməsi məqsədilə 3 milyon avro yardım ayırıb.