Tanınmış rus millətçisi Maksim Marçinkeviç haqqında məhkəmə hökmü çıxarılıb. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tesak ləqəbi ilə tanınan millətçi ekstremizm maddəsi ilə ittiham olunur.
Tesakın sosial şəbəkələrdə yüzlərlə videoroliki var. Ətrafına özü kimi millətçiləri yığan bu şəxs Moskvada “reydlər” keçirir, miqrantları, seksual azlıqları elə kamera qarşısında döyüb təhqir edir, sonra çəkilişləri sosial şəbəkələrə yerləşdirirdi. Verilişlərin birində Marçinkeviç Türkmənistanda doğulan, hazırda isə Rusiyada yaşayan Azərbaycan kökənli yazıçı Eduard Bağırovla mübahisə etmişdi. Rusiyanın tanınmış telekanallarının birində birbaşa yayım zamanı onların mübahisəsi əlbəyaxa dava ilə bitmişdi. Qeyd edək ki, Bağırov da Rusiyada qalmaqallı imici ilə tanınır, ruslar haqqında təhqiredici fikirlərin müəllifi kimi məşhurdur.
Tesak sonradan Eduardın evinə soxulub və onu döyüb, təhqir edərək videolentə almışdı. Məhkəmənin hökmü ilə Marçinkeviç 5 il müddətinə azadlıqdan məhrum edilib. Milliyətçilərin əhatəsindən isə bildiriblər ki, Rusiyada dövlət siyasəti dəyişir. Əgər əvvəllər himayə edilən, cinayətlərinə göz yumulan Tesaka belə cəza verilirsə, demək, bundan sonra rus millətçiliəri təqib ediləcək.