Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Yuri Xaçaturovun həbs edilməsi Rusiya və bu quruma üzv digər dövlətləri qıcıqlandırdı. Kremldə hesab edilir ki, Ermənistan hakimiyyətinin bu addımı hərbi blokun nüfuzuna ciddi zərbə vura bilər.
Teleqraf.com xəbər verir ki, Rusiyada nəşr olunan “Kommersant” qəzeti Xaçaturovun həbsi ilə bağlı analitik material dərc edib.
Rusiyanın diplomatik mənbələrində istinad edən qəzeti yazır ki, rəsmi İrəvan bu addımı atmaqla KTMT-yə Rusiya kimi supergücün başçılıq etdiyini unudub və Ermənistan hakimiyyətinin bu qərarına adekvat cavab gecikdirilmədən veriləcək.
Mənbə buna uyğun olaraq, Rusiyanın Ermənistana silah satışına dair imzalanmış müqavilələrə yenidən baxacağını və silah satışının dayandırılacağını istisna etmir: “Moskva ilə İrəvan arasındakı münasibətlərdəki anlaşmazlıq, rus silahlarının Ermənistana əvvəlcədən razılaşdırılmış şəkildə çatdırılmasına da mənfi təsir göstərə bilər.
Ermənistanın 100 milyon dollarlıq kredit alması üçün nəzərdə tutulan ikinci müqavilə paketi artıq böyük sual altındadır.
İkinci müqaviləyə görə, Ermənistan “İsgəndər E” sistemləri, rabitə və nəqliyyat vasitələri, həmçinin digər silahları almaq istəyirdi. Lakin indi Rusiya bu planı ləğv edib”.
Məqalədə o da qeyd edilir ki, Rusiyanın siyasi dairələrində müzakirə mövzusu olan bu məsələyə paralel olaraq, Ermənistanın KTMT-nin dönəm rəhbərliyi postundan birdəfəlik uzaqlaşdırılmasına da qərar verilə bilər.
“Artıq dəqiqdir ki, KTMT-nin növbəti baş katibi Ermənistandan olmayacaq. Əlifba sırasıyla bu post Belarusa verilməlidir. Lakin bu məsələnin nizamnaməyə uyğun olaraq, noyabrın 8-dən tez həll ediləcəyi inandırıcı görünmür. Lakin bu addım bütün hallarda Ermənistana zərər verəcək. Ermənistana rəhbərlik edən şəxslər bunu başa düşmürlər. Qəribədir”, - deyə Rusiya Prezident Administrasiyandakı mənbəyə istinadla “Kommersant” yazır.
Qeyd edək ki, qurumun nizamnaməsinə uyğun olaraq, Ermənistan 2020-ci ilədək KTMY-nin sədri olmalı idi.