17 Avqust 2018 21:28
2 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Çin ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənən 716 milyard dollarlıq 2019-cu il üzrə hərbi büdcəyə qarşı birgə təpki göstəriblər.

Teleqraf.com xəbər verir ki, Pekin və Moskva hərbi əməkdaşlağı gücləndirmək barədə qərar qəbul ediblər.

Çin Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc edilən məlumata görə, avqustun 15-də Moskvada keçirlmiş strateji təhlükəsizlik toplantısında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Yang Jiechi ilə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bir araya gəlib.

Yang Jiechi Çin Xalq Respublikasının prezidenti Şi Cinping və Rusiya prezidenti Vladimir Putinin liderliyi altında iki ölkə arasında münasibətlərin inkişaf etdiyini, strateji əməkdaşlığı genişləndirmək üçün müxtəlif sahələr üzrə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Patruşev də öz növbəsində Rusiya-Çin əlaqələrinin prezidentlərin səyləri nəticəsində gücləndiyini qeyd edərək, ölkəsinin strateji koordinasiyanı genişləndirməyə hazır olduğunu diqqətə çatdırıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə açıqlamasında Vaşinqtonun beynəlxalq arenada güc yolu ilə təzyiqetmə prinsipinə üstünlük verdiyini bildirib: "ABŞ hərbi büdcəsinin misli görülməmiş artımla 716 milyard dollara yüksəlməsi mövcud beynəlxalq təhlükəsizliyə təhdiddir. Vaşinqton tərəfindən verilən bu qərarlar Rusiya-ABŞ münasibətlərindəki əngəllərin həllinə mənfi təsir göstərir".

Çin Xarici İşlər Nazirliyi də Tayvanın müdafiəsinə yardımın nəzərdə tutulduğu ABŞ hərbi büdcəsinin kəskin artmasını tənqid edib.

Nazirliyin sözçüsü Lu Kang ABŞ-ı soyuq müharibə düşüncəsindən əl çəkməyə, qalibi olmayacaq oyunlardan imtina etməyə və Çin ilə münasibətlərə yenidən baxmağa çağırıb.

Çin Müdafiə Nazirliyinin açıqlamasında isə qeyd olunur ki, ABŞ-ın Tayvan ilə ortaq hərbi əməkdaşlığına önəm verən 2019-cu il büdcəsi Çin-ABŞ orduları arasındakı qarşılıqlı güvənə zərər vurur: "Biz bunu Çinin daxili işlərinə müdaxilə kimi qiymətləndiririk.

Qeyd edək ki, 1949-cu ildə Çində Mao Tsedonun hakimiyyətə gəlməsindən sonra bəzi hökumət üzvləri Tayvan qaçaraq adada müstəqillik elan edib və millətçi Çin adını verərək Tayvanı qurub.

Pekin rəhbərliyi "tək Çin" ölkəsini qəbul edərək beynəlxalq ictimaiyyətdə sadəcə özlərini təmsil etdiklərini və Tayvan müstəqillik elan edərsə hərbi güclə müdaxilə edəcəklərini bəyan edib. Çin Tayvanın müstəqilliyini bu günə qədər qəbul etmir.

ABŞ 1979-cu ildə Çin Xalq Respublikası olaraq rəsmi Pekini tanısa da, Tayvana dəstəyi davam etdirir və hər il onun müdafiəsinə milyonlarla dollar xərcləyir.


Müəllif: Ruslan

Oxşar xəbərlər