ABŞ Dövlət Departamenti İraqın Bəsrə şəhərində insan ölümü ilə müşahidə olunan etiraz aksiyalarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti İraq hüquq-mühafizə orqanları və aksiyaçılar da daxil olmaqla bütün tərəfləri etiraz hüququndan dinc formada istifadə etməyə, habelə diplomatları və diplomatik korpusları qorumağa dəvət edib.
Dövlət Departamentinin sözçüsü Hizer Nauert bəyan edib ki, ABŞ Bəsrədə diplomatlara qarşı hücumları pisləyir. Onun sözlərinə görə, etiraz haqqı, ictimai və özəl mülkiyyətin qorunması İraq konstitusiyasında təsbit edilib.
Xatırladaq ki, İraq neft ehtiyatlarının 80 faizi Bəsrənin payına düşür. Bir neçə gündür Bəsrədə sosial xidmətlərin səviyyəsinin aşağı olması, elektrik və su problemlərinin yaşanması, işsizlik və oğurluq hallarının artmasına qarşı etiraz mitinqləri keçirilir.
Mitinqçilərə qarşı İraq polisi odlu silahdan istifadə edib.
20-dən çox etirazçı ölüb, yüzlərlə insan yaralanıb.