Mənim və general Yuri Xaçaturovun həbs edilməsi, bizə qarşı irəli sürülmüş ittihamlar klassik siyasi intiqamın bir nümunəsidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, bu işin sifarişçisi Ermənistanın Baş naziri Nikol Paşinyandır:
“Hakimiyyətin yuxarı dairələri qanunsuz qərarlar qəbul edirlər. Əlbəttə, mənim və Yuri Xaçaturova qarşı həbs qətimkan tədbiri birbaşa Nikol Paşinyanın razılığı ilə seçilib. Bundan sonra Milli Təhlükəsizlik Xidməti bu işi icra etməyə məcbur oldu.
Bu, yüksək vəzifəli məmurların iştirakı ilə törədilmiş cinayətdir. İndi isə baş nazir bu cinayət əməllərinə görə özünə haqq qazandırmağın yollarını axtarır. Bizi “şər qüvvə”, özünü isə korrupsiya ilə mübarizə aparan “yaxşı qüvvə” kimi təqdim edir”.
Köçəryan Paşinynaı qeyri-peşəkarlıqda ittiham edib: “Rejimin mahiyyəti çılpaqlığıyla ortadadır. Rejimin baş naziri insanları qışqıra-qışqıra aldadır. Guya tolerantdır, guya demokratdır. Halbuki demokratiyanı, insan haqlarını ən qəddar formada özü pozur. O, ölkəni bolşevik prinsiplər əsasında idarə edir. İndi Ermənistanı həvəskar siyasi qrup idarə edir. Soydaşlarımızı və dostlarımızı bu qrupla mübarizəyə çağırırıq”.