20 Sentyabr 2018 14:56
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbriz Məhkəməsi İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) tələbi ilə şəhərdə fəaliyyət göstərən “Ehsan” adlı orta məktəbin ləğv olunması barədə qərar verib.

Teleqraf.com xəbər verir ki, təhlükəsizlik məsələləri ilə əlaqədar fəaliyyəti dayandırılan məktəbdə oğlan şagirdlər təhsil alırdı.

Bu barədə Güney Azərbaycan Təhsil Şöbəsinin rəisi Cəfər Paşayi “İsna” xəbər agentliyinə danışıb:

“Təbrizin 4-cü məntəqəsində yerləşən “Ehsan” məktəbi məhkəmə tərəfindən ləğv edilib. Son 3 il ərzində bu məktəbin dosyelərinə təhlükəsizlik orqanlarında baxılırdı. Nəhayət ki, məktəbin fəaliyyəti məhkəmənin qərarı ilə dayandırıldı”.

Ləğv edilən məktəbin şagirdləri təhsillərini davam etdirmək üçün Təhsil Nazirliyinin nəzarətində olan digər məktəblərə müraciət ediblər. Artıq şagirdlərin əksəriyyəti yeni məktəblərdə qeydiyyata alınıb.

Lakin Cəfər Paşayi məktəbin ləğv edilməsinə dair verilən məhkəmə qərarını şərh etməkdən imtina edib.

Güney Azərbaycandan olan milli fəallar isə məktəbin ETTEALAT İdarəsinin tələbi ilə bağlanmasını təsadüfi hesab etmirlər. Məktəbin müəllimləri və şagirdlərinin əksəriyyəti azərbaycanlı olub.


Müəllif: Mənsur Rəğbətoğlu