Ermənistanda seçici iradəsi siyasi qüvvənin hakimiyyətə gəlmək şansını müəyyənləşdircək.
Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov belə deyib.
Lakin politoloq məsələnin geosiyasi tərəflərinin olduğunu da bildirib:
“Əlbəttə, Qarabağ və İrəvan klanları arasında hakimiyyət uğrunda gedən mübarizədə əsas məqsəd Ermənistan xalqının maraqlarına xidmət deyil. Burada korporativ və konyktur maraqları var. Digər yandan, biz “Qarabağ klanı”nın qırtlağa qədər korrupsiyaya batdığını bilirik. Digər amil isə budur ki, bu klanın yenidən hakimiyyətə qayıdıb-qayıtmayacağı onun Rusiya ilə münasibətlərindən və təmaslarından asılı olacaq.
Unutmaq lazım deyil ki, həbs edilmiş Robert Köçəryanın azadlığa buraxılmasından iki gün əvvəl Rusiya Prezidenti Vladimir Putin onu doğum günü münasibətilə təbrik etmişdi. Bu, Rusiya hakimiyyətinin “Qarabağ klanı”na olan maraqlarından irəli gəlirdi.
Robert Köçəryan vaxtilə Ermənistan hakimiyyətində təmsil olunmuş şəxs yox, keçmiş prezidentdir. Onun Ermənistanda gedən proseslərə və hakimiyyətə təsir imkanları kifayət qədər böyükdür. Çünki Serj Sərkisyan Köçəryanın varisidir və onun rəhbərlik etdiyi Respublika Partiyası Köçəryanın xeyir-duası ilə yaradılıb. Yəni, parlamentdəki üstünlük hələ də “Qarabağ klanı”nın xeyrinədir.
Hazırda Baş nazir Nikol Paşinyan və Rusiya hakimiyyəti arasındakı gərginlik yüksək səviyyədədir: “Digər yandan isə Paşinyan vəd etdiyimi nə korrupsiya ilə mübarizədə uğur qazandı, nə də ölkənin sosial-iqtisadi problemlərini həll edə bildi. Düzdür, qısa vaxtdır hakimiyyətdədir, amma parlament seçkilərinə 1 ildən az vaxt qalır. Bu müddət ərzində Rusiya ilə münasibətləri qaydasına salmalıdır ki, digər yandan Paşinyandan Qərbə münasibətdə də yeni baxışın ortaya qoyulması tələb ediləcək. Eyni zamanda, Paşinyanın komandasında kifayət qədər Qərbyönümlü nazirlər təmsil olunur.
Daxili auditoriyanın dəstəyini qazanmaq üçün Paşinyan iqtidarı sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması istiqamətində addımlar atmalıdır. Erməni diasporunun onunla işləməkdən imtina etdiyi və ciddi maliyyə çatışmazlığının olduğu şəraitdə buna nail olmaq mümkün deyil”.
Politoloq hesab edir ki, Rusiya prezidentinin gələn həftə Ermənistana başlayacağı səfər Nikol Paşinyanın gələcək taleyinə aydınlıq gətirəcək: “Əgər bu səfər çərçivəsində Ermənistan-Rusiya münasibətlərinin formatı müəyyən edilməyəcəksə, Paşinyan iqtidarının aqibətinin nə olacağını demək çətin deyil.
Başqa sözlə, Ermənistanın mövcud vəziyyəti Paşinyanın kənardan dəstək ala bilməməsi və Rusiya ilə münasibətlərin gərginlikdə olması, qarşıdan gələn parlament seçkilərində “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıtmaq ehtimallarını yüksəldir. Hər halda Putinin səfəri Ermənistandakı hadisələrin hansı axarla cərəyan edəcəyinə aydınlıq gətirəcək”.