28 Sentyabr 2018 21:16
2 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

1979-cu ildə Ruhulla Xomneyi İranda islam inqilabını həyata keçirdikdən sonra İran İnqilab Məhkəmələri tərəfindən minlərlə şəxs edam olundu.

Teleqraf.com bu məhkəmə tərəfindən barəsində hər hansı dəlil tapılmamasına rəğmən, edam olunan marşal Nadir Cahanbani haqqında məqaləni təqdim edir.

Marşal islam inqilabına qədər İran Hava Qüvvələrinə komandanlıq edib. İnqilabdan sonra İnqilab Məhkəməsinin sədri Məhəmməd Sadıq Xalxali tərəfindən edama məhkum olunub. Qəribədir ki, generalla bağlı məhkəmə prosesi cəmi bir iclasdan ibarət olub.

Marşal 1979-cu il inqilabından sonra İranı tərk etmək imkanında olan az saylı şəxslərdən olub. Lakin buna baxmayaraq, ölkəni tərk etmək fikrini heç vaxt özünə yaxın buraxmayıb. Ona ölkəni tərk etmək məsləhəti verənlərə “mən bu ölkəyə xidmətdən savayı başqa heç bir iş görməmişəm. Ancaq nə olursa, olsun, hətta edama belə hazıram” cavabını verib.

Nadir Cahanbaninin anası əslən Rusiyadan olduğundan mavi gözlü və xarici görünüş baxımından avropalılara bənzəyirmiş.

Məhkəmə zamanı Sadıq Xalxali onun görünüşünə işarə edərək, generala “əcnəbi və casus” deyərək, onu təhqir edib. Bunun cavabında general “sən farssan, amma mən səndən daha çox iranlıyam” cavabını verib.

Marşalın ittihamı üçün ortada heç bir fakt və dəlil olmamasına rəğmən, ayətullah Sadiq Xalxalı onun haqqında “Allaha qarşı gəlmək və Allahın hökmlərinə qarşı vuruşmaq” ittihamı irəli sürüb və barəsində edam qərarı çıxarıb. Sonradan general boynunun arxasından vurulan iki güllə ilə həyata vida deyib.

Marşal haqqında bundan geniş informasiya mövcud deyil.

Qəribədir ki, illər sonra Məhəmməd Sadıq Xalxali xatirələrində generalın haqqında heç bir dəlil olmadığını, amma əllərində güc olduğu səbəbindən onu edam etdiklərini qeyd edib. Bu zaman əsas prinsip olaraq generalın islam inqilabına dəstək vermədiyi götürülüb.

Qeyd edək ki, Məhəmməd Sadıq Xalxali – Xomeynin ən sadiq tərəfdarından olub. 1926-ci ildə Xalxalda anadan olub, əslən türkdür. Ona “inqilab qəssabı” adı veriblər. Dini təhsilini Qumda alan Xalxali inqilaba qədər bir sıra fəaliyyətləri ilə seçilib. İddialara görə, İranda onlarla dünyəvilik tərəfdarı olan siyasətçini aradan götürüb. 1979-cu ildə İnqilab Məhkəmələrinin sədri vəzifəsinə gətirildikdən sonra 2 minə yaxın insanı edam etdirdiyi deyilir. O, bir neçə il əvvəl mətbuata verdiyi açıqlamada edam hökmlərindən qətiyyən peşman olmadığını bəyan edib.


Müəllif: Cavad

Oxşar xəbərlər