Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 27-də Azərbaycana etdiyi bir günlük işgüzar səfərin çox dəyərli, xeyirli səfər olduğunu düşünürəm.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov deyib.
O qeyd edib ki, sentyabrın 1-də Azərbaycan Prezidentinin geniş tərkibli nümayəndə heyəti ilə Rusiyaya səfəri, imzalanan sənədlər, iki dövlətin rəhbərinin verdiyi bəyanatlar, dünən isə V.Putinin Bakıya səfəri, səsləndirdiyi fikirlər, xoşməramlı sözlər Azərbaycan-Rusiya münasibətlərinin getdikcə genişlənməsinə, inkişaf etməsinə və bu iki dövlətin bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək:
“Azərbaycan-Rusiya münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Bu, hər iki dövlətin xeyrinədir. Burada bizim də, Rusiyanın da gözləntiləri var. Bizi xüsusilə çox maraqlandıran Dağlıq Qarabağ məsələsidir. Biz Rusiyanın qonşu, Cənubi Qafqazda nüfuzlu, dünyada söz sahibi olan dövlət kimi ən ağrılı problemimiz olan Dağlıq Qarabağ probleminin ədalətli həll olunması üçün ortaya mövqe qoymasını gözləyirik.
Mənə elə gəlir ki, bu, baş verəcək. Çünki işğalçı dövlət, onun iqtisadiyyatı, hərbi gücü, müdafiəsi əsasən Rusiyadan asılıdır. Yəni, Rusiyanın sözü o dövlət üçün çox keçərlidir. Buna görə də bizim münasibətlərimizin yaxşılaşması gələcəkdə hamımızı qane edəcək, sevindirici xəbər verə bilər”.
E.Məmmədov əlavə edib ki, Azərbaycanın hər zaman yürütdüyü siyasət qonşu dövlətlərlə münasibətlərin yaxşı olmasından ibarət olub:
“Azərbaycan hər zaman qonşu dövlətlərlə münasibətlərin yaxşı olmasına çalışıb. Biz istəmişik ki, mehriban qonşuluq şəraiti, əmin-amanlıq, tərəfdaşlıq olsun. Bu gün təcavüzkar dövləti çıxmaq şərtilə Azərbaycanın bütün qonşularla münasibəti normal vəziyyətdədir. Xüsusilə, son dövrlərdə Rusiya ilə münasibətlərimizin daha da genişlənməsi, daha da yüksəlməsi, yaxşılaşması hər iki tərəfi razı salır. Rusiya da bunu etiraf edir.
Rus politoloqları, siyasətçiləri bildirirlər ki, bu gün Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən etibarlı tərəfdaşıdır. Bunun özü çox dəyərli bir fikirdir. Bu fikir bizə onu deməyə əsas verir ki, əməkdaşlığımızın getdikcə inkişaf etməsi gələcəkdə daha yaxşı nəticələr verəcək”.