Almaniya Bundestaqının radikal sağçı AFD fraksiyası federal hökumətə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda sorğu göndərib.
Teleqraf.com Almaniya mediasına istinadən xəbər verir ki, sorğuda, həmçinin, Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb.
Almaniya hökumətinin sorğuya cavabda federal hökumət xüsusi vurğulayıb ki, Almaniya-Ermənistan münasibətləri adı altında Ermənistan Respublikası ilə münasibətlər başa düşülməlidir. AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu Azərbaycanın bir hissəsi hesab etdiyini bildirib.
Qeyd olunub ki, AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.
Həmçinin, sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.