17 Oktyabr 2018 19:25
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ceyş ül- Ədl” silahlı bəluc qruplaşmasının lideri İrfan Şəhnəvazi əsir götürdükləri iranlı hərbçilər barədə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, qruplaşma lideri İran hakimiyyətinin bəluclara qarşı təzyiqlərinə cavab olaraq bu addımı atdıqlarını bildirib.

Şəhnəvazinin bəyanatında deyilir:

“Götürdüyümüz iranlı girovlar hərbi əsir sayılırlar. Onlar hazırda İran Bəlucistanının dağlarında saxlanılırlar. Biz beynəlxalq qanunların hərbi əsirlərlə bağlı üsul və prinsiplərinə uyğun olaraq onlarla mehriban davranacağıq. Hazırda imkanlarımızın məhdud olmasına baxmayaraq, girovlar su, qida və dərmanla təmin edilirlər.

“Ceyş ül- Ədl” təşkilatının mərkəzi şurası girovların taleyi haqda qərar verəcək. Lakin ola bilsin ki, onlar arasında xalqımıza həddən artıq zülm edənlər var, bəluc xalqının qatili olanlar öldürüləcək, öz cəzalarını alacaqlar”.

Qruplaşma lideri əsirlərin azad edilməsi ilə bağlı şərtlərini də açıqlayıb:

“Bu İran rejimindən və girovların törətdikləri cinayətin həcmindən və onların bizimlə nə qədər əməkdaşlığa hazır olmalarından asılıdır. Bu haqda proqnoz vermək üçün hələ tezdir. Lakin İran rejimi bizim həbsdə saxladığı dostlarımızı azadlığa buraxsa, girovların dəyişdirilməsi məsələsi haqda razılaşa bilərik”.

Qeyd edək ki, “Ceyş ül-Ədl” (“Ədalət ordusu”) oktyabrın 16-da Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində 14 iranlı hərbçinin girov götürüb. Girov götürülənlərdən 7-si “Bəsic” təşkilatının üzvü, 5-i sərhədçi, 2-si isə “Sepah”ın ETTELAAT bölməsinin əməkdaşıdır.


Müəllif: Mənsur Rəğbətoğlu