Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutunun baş tədqiqatçısı, politoloq Aleksandr Krılov Ermənistanın ictimai-siyasi gündəmində baş verən prosesləri dəyərləndirib.
Teleqraf.com onun Ermənistanda fəaliyyət göstərən “EADaily” saytına müsahibəsini təqdim edir:
- Ermənistanın Baş naziri Nikol Paşinyan öz postundan istefa verdi. Bundan sonra proseslər hansı istiqamətdə inkişaf edəcək?
- Hesab edirəm ki, parlament partiyaları Paşinyanın yerinə baş nazir postuna yeni namizəd irəli sürməyə çalışmayacaq. Beləliklə, bu ilin dekabr ayında Ermənistanda keçiriləcək parlament seçkiləri Paşinyanın qələbəsi ilə yekunlaşacaq. İrəvan meriyasına keçirilən seçkilərdəki nəticələri nəzərə alsaq, parlament seçkilərinin də hansı situasiyada baş tutacağını indidən demək mümkündür. Yəni, parlament seçkilərində də, siyasi partiyaların əksəriyyəti Paşinyana səs verəcək və o, parlamentdə üstünlüyünü təmin edəcək. Lakin bu vaxtadək parlamentdə üstün olmuş siyasi qüvvələr öz yerlərini və nüfuzlarını tamamilə itirəcəklər. Əvvəlcədən müxtəlif növ gizli mübahisələrə və razılaşmalara görə deputat mandatlarını almış şəxslər real seçkilərdə olduqca çətin vəziyyətdə qalacaqlar. Beləliklə, onların siyasi arenadan çıxma perspektivi reallaşacaq.
- Paşinyan parlament binası qarşısında çıxışında bildirdi ki, yarım saata bütün insanları meydana toplaya bilər. Beləliklə, daxili siyasi qüvvələri erkən seçkilərə məcbur edə bildi. Sizcə, bundan sonra da Paşinyan təktərəfli formada hakimiyyəti öz inhisarında saxlaya biləcəkmi?
- “Tək idarə etmək” ifadəsi aydınlaşdırma tələb edir. Nəzərə almaq lazımdır ki, Paşinyan cəmi yarım ildir hakimiyyətdədir və cəmi yarım ildir cəmiyyət onu dəstəkləyir. Eyni zamanda, Nikol Paşinyanın parlament seçkilərində gözlənilən inamlı qələbəsindən sonra Ermənistanın siyasi arenasında siyasi hakimiyyətini gücləndirməsi onun üçün əsas problemlərin həlli demək deyil. O, sadəcə özünü bütün əvvəlki hakimiyyətlərə nisbətən Ermənistanın daha uğurlu inkişafını təmin edə biləcək uğurlu islahatçı kimi göstərməyə çalışır.
Aydındır ki, bu vəzifəni yerinə yetirmək üçün Paşinyan çox əhəmiyyətli maliyyə resurslarına ehtiyac duyacaq. İslahatın ilkin mərhələsində bu vəsaitlər ABŞ-ın və Qərbin Ermənistanda demokratik islahatlar prosesinə verdiyi dəstəklə təmin edilə bilər. Bu vəsaitlərin də Qərbin dəstəyi ilə Ermənistanın köhnə hakimiyyətinin nümayəndələrinin və oliqarxların müsadirə ediləcək pulları ilə təmin edilməsi mümkündür. İslahatlar üçün digər bir potensial maliyyə mənbəyi isə Rusiya ola bilər. Çətin vəziyyətdə olan Ermənistan hakimiyyəti bu dəstəyi təmin etmək üçün Rusiyanı strateji müttəfiq kimi təqdim etməyə çalışa bilər. Lakin bu, müasir dünyanın şərtlərini nə qədər əks etdirir?
Digər yandan da, ABŞ və Qərbin Ermənistanda iqtisadi islahatların həyata keçirilməsinə lazım olan qədər maliyyə dəstəyi göstərəcəyini ehtimal etmək çətindir. Qərb sadəcə, yerli siyasi elitanın və cəmiyyətin aktiv gənclər hissəsinə nəzarəti əlində saxlamağa çalışacaq. Əlbəttə, korrupsiya, cinayət vasitəsi ilə yığılmış pulların müsadirəsi vasitəsilə Paşinyan öz populyarlığını bir müddət qoruyub saxlaya bilər. Lakin davamlı islahatlar keçirmək mümkün deyil.
- Hazırkı vəziyyəti nəzərə alsaq, Ermənistanda baş verənlər Rusiya ilə münasibətlərə hansı formada təsir edəcək?
- Aydındır ki, Nikol Paşinyan Qərblə birgə oynadığı “demokratik dəyərlər” oyununu dayandırdı. Avropa vektoru onun siyasətinin oxlarından biri ola bilmədi. O, Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətində olduğunu dedi və Ermənistanın KTMT və Avrasiya İttifaqından çıxarılmasına dair səsləndirdiyi şüarları dayandırdı. Bu, Paşinyanın Rusiya ilə qarşılıqlı münasibətlərin qurulması üçün ciddi niyyətlərə malik olduğunu göstərir. O, Ermənistanın mənafeyini qorumağa məcbur olduğu üçün geri çəkildi.
Paşinyanın əsas problemi ondan ibarətdir ki, islahatlar aparmaq üçün çox az vaxtı var. O, vəziyyəti yaxın gələcəkdə həll edəcək gücdə deyil, ən cəsarətli ümidləri də, vəziyyəti dəyişdirmir, çox güman ki, bir gün ictimaiyyəti tamamilə xəyal qırıqlığına uğradacaq. Müasir Ermənistanın “ümummilli lideri”nə yönələcək belə bir məyusluq onun ölkəsi üçün böyük təhlükə vəd edir.
- Ən vacib sual budur ki, ölkənin siyasi kursu dəyişəcəkmi? Yeni hökumət onun dəyişməzliyindən danışır. Bu baxımdan, Ermənistan-Rusiya münasibətlərinə təhlükə varmı?
- Ermənistan və bir sıra keçmiş Sovet respublikasını uzun illərdir oliqarx və kriminallaşmış qruplar idarə edirdi. Buna görə də həmin respublikaların vətəndaşları kənarda iş axtarmağa məcbur oldular. Bu baxımdan, Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasını, həmin siyasi kursa verilən fasilə hesab etmək olar. Əlbəttə, Ermənistanda hakimiyyətin dəyişdirilməsi, ikitərəfli münasibətlərin xarakterini ciddi şəkildə dəyişəcək. Ermənistanın Ukrayna və ya Gürcüstan yolunu gedəcəyinə dair ehtimal olduqca güclü idi. Lakin Paşinyanın ilk gündən tutduğu sərt mövqeyi onu da Rusiyanın təsiri altına saldı. İndi buna görə amerikalılar Paşinyanı tənqid etməyə başlayıblar.
Ermənistanda hakimiyyət dəyişikliyinə dair layihə, ən azı gizli formalarda amerikalılar tərəfindən dəstəklənsə də, təkcə Paşinyanın yox, bütün Ermənistanın hansı səviyyədə müstəqil siyasət yürüdə biləcəyi məsələsində yalnış hesablama aparıldı. İndi isə Paşinyan açıq şəkildə Mixail Saakaşvili və ya Pyotr Poroşenkonun yoluna davam etməyəcəyini açıqlayır. O, bu vəziyyətdə Macarıstan lideri Viktor Urbanı xatırladır. Paşinyanın amerikalı sponsorları və patronları məyus oldular.
Digər yandan da, Ermənistan Rusiyanın Suriyadakı hərbi missiyasına dəstək verəcəyini açıqlayıb. Rusiya və ABŞ isə Suriyada kəskin fikir ayrılıqlarına malikdirlər. Bu da, ABŞ-ın Ermənistandan uzaqlaşmasına təkan verdi. Şübhəsiz ki, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq Amerikanın İrəvandakı laboratoriyasının əsas hədəfi idi. Köhnə Ermənistan hakimiyyəti isə bu istiqamətdə Rusiyaya heç bir problemin olmadığını deyirdi.
Nikol Paşinyan tamamilə fərqli bir şey edir, rus mütəxəssislərinə bu laboratoriyaların yoxlanılmasına icazə verildi. Bu da Rusiya rəhbərliyi üçün böyük əhəmiyyət kəsb edir. Bu ikitərəfli əməkdaşlığımız üçün yeni perspektivlər açır, əlbəttə, ABŞ-ın məyusluğu fonunda…