ABŞ 2015-ci ildə İrana qarşı ləğv olunmuş sanksiyaların yenidən tətbiqinə başlayıb. Bu gün Konqres tərəfindən irəli sürülmüş qanun layihələri qüvvəyə minib.
Teleqraf.com xəbər verir ki, yeni sanksiyalar İranla yanaşı, onunla əməkdaşlıq edən ölkə və şirkətlərə də şamil ediləcək.
Sanksiya siyahısına 600 nəfərin və şirkətin adları daxil edilib.
İrana qarşı sanksiyaların qüvvəyə mindiyi ərəfədə İrəvanda bunun Ermənistana hansı formada təsir edəcəyi müzakirəyə çıxarılıb. Sanksiyaların tətbiqinə başlanmasından dərhal sonra hökumətin təcili iclasını keçirən Baş nazir Nikol Paşinyan ilginc fikirlər səsləndirib.
O, ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı erməni tərəfinə İranla ticarət əlaqələrini dayandırmaq barədə xəbərdarlıq etdiyini bildirib.
İrəvandan Vaşinqtona qayıdan Con Bolton da Ermənistana sonuncu dəfə xəbərdarlıq etdiyini və sanksiyaların tətbiqindən sonra Ermənistan-İran sərhədlərinin ciddi problemə çevrilə biləcəyini deyib: “Sərhəd məsələsi ciddi problemə çevriləcək. Paşinyana da dedim ki, İrana qarşı təzyiqləri artırmaq istəyirik. Çünki İran hələ də dünyanın təhlükəsizliyini təhdid edən nüvə proqramından imtina etməyib.
Bu dövr ərzində dostlarımıza zərər vermək istəmirik. Buna görə də, Ermənistanla ABŞ hökuməti arasında gedən danışıqların ciddi nəticəsinin olacağını düşünürəm. Ermənistanın baş nazirinə dediyim kimi, bu sanksiyalar çox sərt olacaq. Bu, Barak Obama hökuməti deyil. Çünki İranın davranışlarının qlobal təhlükələrə yol açdığını düşünürük”.
İrəvan Dövlət Universitetinin İran Araşdırmalar Mərkəzinin direktoru, politoloq Vardan Voskanyan isə sensasiyalı iddia ilə çıxış edib.
Voskanyana görə, Nikol Paşinyan hökumətlə keçirən qapalı iclasda Ermənistanın öz maraqları çərçivəsində hərəkət edəcəyini və heç bir kənar ölkəsinin iradəsi ilə davranış sərgilməyəcəyini bildirib.
Politoloq hesab edir ki, İrəvanda olarkən Boltona İranla münasibətlərdə məsafə qoyacağını vəd edən Paşinyan geri addım ataraq, Tehranla çoxşaxəli əməkdaşlığı davam etdirməyi düşünür:
“Toplantıda Paşinyan açıq formada ABŞ-a etiraz edib. Bu, iclasdan çox Amerikaya qarşı etiraz aksiyası xarakterində idi. Təsadüfi deyil ki, Boltonun İrəvana səfərindən bir neçə gün sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif erməni həmkarı Zohrab Mnatsakanyana zəng edərək ona təşəkkür etdi.
Digər yandan, İranın İrəvandakım səfiri Seyid Qasım Səccad da Tehran adından Manatsakanyana təşəkkür məktubu təqdim etdi. Zərif İrəvana ABŞ qarşısındakı İran dəstəyinə görə təşəkkür etdi. Çünki həqiqi dostluq əlaqələri supergüclərin ən ağır təzyiqlərinə baxmayaraq, hansısa siyasi konyunktura tabe deyil”.
Vardan Voskanyan İranla əməkdaşlığı dayandırmaq barədə düşünməyən Ermənistanın ABŞ sanksiyalarına tuş gələcəyini istisna etməyib.