Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının təsis yığıncağında iştirak edib. Təsis yığıncağına Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ölkəmizin BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, 60-dan çox diaspor nümayəndəsi və rəhbəri qatılıb.
Teleqraf.com xəbər verir ki, dövlət komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət və qayğı göstərilməsinin Azərbaycan dövlətinin siyasətində prioritet olduğunu qeyd edib.
Tədbirdə son dövrlər diaspor sahəsində görülən işlər, soydaşlarımızın birgə fəaliyyəti haqqında razılaşmaların əldə edilməsi, koordinasiya şuraları və perspektivlər barədə məlumat verilib, iştirakçılara dövlət komitəsinin fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
Çıxış edənlər soydaşlarımız Amerikada yaşayan azərbaycanlıların problemlərindən danışıb, ana dili məktəblərinin sayının artırılmasının zəruriliyini qeyd ediblər. Eyni zamanda ABŞ-dakı istedadlı gənclərimizə diqqətin artırılması istiqamətində təkliflər səsləndirilib, Amerikadakı soydaşlarımızın və diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyasının vacibliyi vurğulanıb.
Toplantıda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib və şuranın tam şəkildə fəaliyyətə başlaması üçün işçi qrupu yaradılıb.
Soydaşlarımızın fikir və təkliflərinin nəzərə alınacağını bildirən F.Muradov qarşıya qoyulan məsələlərin həll edilməsi üçün koordinasiyalı fəaliyyətin vacib olduğunu qeyd edib.