22 Noyabr 2018 23:14
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti ölkədə pensiya yaşını 65-dən 70-ə qaldırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu məsələ ilə məşğul olan xüsusi komissiyanın hesabatında deyilir. Sənəddə qeyd edilir ki, məqsəd əhalinin sürətlə qocalması şəraitində iqtisadi inkişafı qorumaqdan ibarətdir.

Agentlik bildirir ki, pensiya yaşının artırılması ideyası İqtisadi və Maliyyə Siyasəti Şurasının noyabrın 26-da keçiriləcək iclasında müzakirə ediləcək. Gələn ilin yayınadək isə məsələ ilə bağlı konkret layihənin hazırlanması nəzərdə tutulur. Bununla bərabər, məsələnin Yaponiyanın biznes cəmiyyəti ilə razılaşdırılmasının vacibliyi də qeyd edilir.

Pensiya yaşının artırılması ilə əlaqədar qanun layihəsinin 2020-ci ilədək hazırlanması nəzərdə tutulur. Həmin sənəddə əmək fəaliyyətinin müxtəlif şərtlərinin, məsələn, qısaldılmış iş günü, işlərin evdən, yəni məsafədən idarə edilməsi, yaşlı işçiləri cəlb edən şirkətlərə subsidiyaların verilməsi və digər məsələlər öz əksini tapacaq.

Hökumətin hesablamalarına görə, Yaponiyada orta ömür həddi kişilər üçün 80 il, qadınlar üçün isə 87 il təşkil edir. Ölkə əhalisinin hər dörd nəfərindən birinin yaşı 65-dən yuxarıdır.

Yaşı 65-dən yuxarı olan sakinlərin sayına görə Akita prefekturası öndə gedir. Belə ki, burada yaşayanların 33,5 faizini bu yaşda olan sakinlər təşkil edir. Həmin yaşda olan əhalinin ən az olduğu ərazi isə Okinava adalarıdır. Buna baxmayaraq, Yaponiyanın 47 prefekturasında yaşlı insanların ümumi sayı yaşı 14-dək olanların sayından çoxdur.
\Azərtac\


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər