25 Noyabr 2018 19:30
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyanın Xarici işlər naziri Tomaş Petrşiçek Rusiyanı ölkəsinə və Avropa İttifaqının digər üzvlərinə "təhdid" adlandırıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, T.Petrşiçek bildirib ki, Moskva “yanlış informasiyanın və müxtəlif hibrid təhdidlərin yayılması” səbəbindən “real risk” sərgiləyir. Lakin o, rus tərəfində gələn təhlükəni təsdiqləyən hər hansı bir sübuta istinad etməyib.

Nazirin sözlərinə görə, Çexiya kəşfiyyatının Rusiya ilə bağlı hazırladığı hesabatlar çox ciddi qəbul edilməlidir.
Petrşiçek deyib ki, Çexiya bu cür təhdidlərə daha səmərəli şəkildə cavab verməlidir.

Xatırladaq ki, Çexiyanın Baş naziri Andrey Babiş oktyabrın sonunda Rusiyanı təhlükə hesab etmədiyini və ölkələr arasındakı münasibətlərin normallaşdırılmasına ümid etdiyini söyləmişdi. Qeyd etmişdi ki, Qərb Rusiya ilə dialoq aparmaq əvəzinə, "soyuq müharibə" dövrünə qayıdıb.

Çex prezidenti Miloş Zemann da dəfələrlə Kremllə qarşılıqlı əlaqənin vacibliyinə diqqət çəkib.

Bu arada Polşa, Ukrayna və bir sıra digər dövlətlər də rus ordusunun modernləşdirilməsinə işarə edərək, Rusiya əleyhinə ifadələr səsləndiriblər.

Rusiya Xarici İşlər Nazirliyi isə öz növbəsində "Rusiya təhdidi" ilə bağlı əsassız bəyanatların Rusiyanın Qərblə dialoquna ciddi şəkildə zərər vurduğunu bildirib.

Rəsmi Moskva dəfələrlə vurğulayıb ki, ordunun döyüş hazırlığının artırılması sırf müdafiə məqsədilə həyata keçirilir. Rusiya tərəfi heç bir NATO ölkəsinə hücum etmək niyyətində olmadığını diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər