Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinə sədrlik Azərbaycana keçib. Bununla bağlı qərar məclisin İrəvanda keçirilən 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, QDİƏT Parlament Məclisi İrəvanda noyabrın 27-də işinə başlayıb. Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyevin və millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qatıldığı 52-ci plenar sessiya bu gün də davam edib.
Tədbirdə təşkilatın regionda iqtisadi əlaqələrin möhkəmlənməsində rolu, həmkarlar ittifaqının cəmiyyətlərə təsiri, bölgənin turizm potensialı və perspektivi mövzularında müzakirələr aparılıb.
Məlum olduğu kimi, sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib.
Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq, 6 ay müddətində həyata keçirilir.
Qaydaya görə, məclisə sədrliyi həyata keçirən ölkənin parlamentinin rəhbəri başçılıq edəcək. Bu baxımdan növbəti 6 ay müddətində QDİƏT Parlament Məclisinin sədri Milli Məclisin sədri Oqtay Əsədov olacaq.