Rusiya və Gürcüstan “Gömrük idarəetməsi və ticarətdə monitorinqin mexanizmləri haqda” 2011-ci ildə imzalanmış müqavilənin əsas prosedurlarını yekunlaşdırıb. Turkustan.info Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, müqavilə Abxaziya və Cənubi Osetiya ərazisində yeni sərhəd-keçid məntəqələri yaratmağa imkan verir. Həmin məntəqələrdə gömrük nəzarətini İsveçrənin SGS şirkəti həyata keçirəcək.
“Çox vaxt lazım oldu. Bu, proyektin qeyri-adiliyi ilə bağlı idi. Sazişin presedenti yoxdur”-deyə Gürcüstanın baş nazirinin Rusiya ilə danışıqlardakı xüsusi nümayəndəsi Zurab Abaşidze açıqlama verib.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin isə yaxın 2-3 ildə layihənin icrasına başlanılacağını deyib.
Layihənin icrası Ermənistana Gürcüstan ərazisindən Rusiyaya məhsul satışını artırmağa və faktiki olaraq onun nəqliyyat blokadasından çıxmasına yol açacaq.
Qeyd edək ki, Rusiya uzun müddətdir Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla dəmir yolu xəttini işə salmaq, həmçinin Yuxarı Larsa alternativ dəhlizin açılması üçün rəsmi Tiflisə təzyiq edir. Bu dəmir yol xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir. Abxaziyadan keçən dəmir yolu 1991-93 illərdə Gürcü-Abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb.
Bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb.
Yuxarı Larsa alternativ axtarışı İrəvan üçün strateji əhəmiyyətli məsələdir. Belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti-80%-ə yaxını-Moskvadan gəlir. Yüklərin daşınması üçün Yuxarı Lars əlverişli hesab edilmir. İqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya)-Qori marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, daha uyğun iqlim şərtləri və relyef üzündən məqsədəuyğun sayılır.
Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Hansı ki, həmin dəhliz 90-cı illərin əvvəllərindən bağlı idi və Yuxarı Lars keçidində qış aylarında hərəkət çətinləşəndə Ermənistana yüklərin daşınması ancaq Gürcüstan limanlarından mümkün olurdu.
Bu baxımdan fors-major situasiyalarda işğalçı Ermənistanın Cənubi Osetiya dəhlizindən istifadə etməsi bu ölkə üçün doğrudan da böyük hədiyyədir.
Siyasi ekspertlər hesab edir ki, Gürcüstan hakimiyyəti Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Digər tərəfdən Azərbaycanın bu qədər dəstəyinə rəğmən Azərbaycanın əleyhinə addımlara gedir.
Rusiya Abxaziya dəmiryolunun açılmasına nail olarsa, Ermənistanın Gümrü rayonunda “102-ci” hərbi bazasının möhkəmləndirəcək və Ermənistana rahat şəkildə silahların göndərilməsini həyata keçirəcək.
Bu dəmir yolu istifadəyə verilərsə, strateji tərəfdaşımız olan Gürcüstan hakimiyyəti Qarabağın işğalda qalmasında rol almış olacaq.
/Musavat.com/