Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz hərbi kontingentini Ukrayna ərazisinə sala bilər.
Teleqraf.com modern.az-a istinadən verdiyi xəbərə görə belə bəyanatla KTMT baş katibi Nikolay Bordyuja çıxış edib.
O bildirib ki, KTMT Ukraynada istənilən mürəkkəb əməliyyata hazırdır. Təşkilat rəhbərinin sözlərinə görə KTMT üzv ölkələrdən başqa, digər dövlətlərin ərazisində də hərbi əməliyyatlar aparmaq səlahiyyətinə malikdir. “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı gücləri bir neçə il bundan əvvəl formalaşdırılıb və onlar döyüş təlimləri keçiblər. Bura daxil olan hərbçilər bütün lazımi hərbi silahlarla və texniki vasitələrlə təchiz olunub”.
Baş katib onu da söyləyib ki, KTMT-nin sülhməramlı kontingentinə daxil olan hərbçilərin sülh məsələlərini həll etmək üçün bacarıqları yüksək səviyyədədir. Onların istənilən sülh əməliyyatlarında iştiraka hazır olduğunu təsdiq etmək olar”,deyə Bordyuja Ukraynaya mesaj verib.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi 1992-ci il mayın 15-də Daşkənddə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistan tərəfindən imzalanıb. 1993-cü il sentyabrın 24-də Azərbaycan, sentyabrın 9-da Gürcüstan, dekabrın 31-də isə Belarus bu sazişi imzalayıb. Müqavilə 1994-cü il aprelin 20-də qüvvəyə minib. Beş il üçün nəzərdə tutulan sazişin sonradan uzadılması nəzərdə tutulurdu. 1999-cu ildə Azərbaycan, Gürcüstan və Özbəkistan KTMT-də daha beş il qalmaqdan imtina edib və sazişi imzalamayıb.
2002-ci ildə Moskvada qurumun adı dəyişdirilərək, ona beynəlxalq status verilib. Qurum Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlandırılıb.