16 Fevral 2019 15:37
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çernobıl Nüvə Təhlükəsizliyi Problemləri, Radioaktiv Tullantılar və Radioekologiya Mərkəzinin bioloqu Sergey Qaşçak “Feysbuk” səhifəsində tərk edilmiş bölgədə hansı heyvanların yaşamasından bəhs edib.

Teleqraf.com xəbər verir ki, insanların radiasiya ilə çirklənmiş ərazidən çoxdan uzaqlaşmalarına baxmayaraq Çernobılda heyvanlar var.

“Nadir heyvan növləri də daxil olmaqla onlar xeyli çoxdur. Pripyat çayının vadisində Polesye təbiətinin bərpası və qorunması üçün yaradılmış “Çernobıl radiasiya-ekoloji biosfer qoruğu”nun mövcudluğundan az adamın xəbəri var”, – deyən alimin sözlərinə görə, son illər Çernobılda heyvanların populyasiyası əhəmiyyətli dərəcədə artıb.

O həmçinin bildirib ki, son vaxtlar elm adamları foto-tələlər vasitəsilə çəkilmiş şəkillər paylaşıblar. Meşədə 48 Prjevalsk atına rast gəlinib. Ümumiyyətlə, tərk edilmiş zonada 100-dən çox vəhşi at məskunlaşıb. Onlar bura 1990-cı illərdə gəliblər.

Qoruqda çoxlu marallar, sığınlar, vaşaqlar və hətta qonur ayılar məskunlaşıb. Tərk edilmiş ərazidə canavarlar təmiz bölgələrə nisbətən yeddi dəfə çoxdur. Qoruqda 180-dən çox quş növü var. Foto-tələlərdə qabanlar, leyləklər, tülkülər də əks olunub.

Elmi əməkdaş onu da bildirib ki, Çernobıl meşələrinin təbiəti çox gözəldir. Orada hazırda radiasiya çox azdır, bu, heyvanların populyasiyasına heç bir təsir etmir.

Qeyd edək ki, 26 aprel 1986-cı il Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verib.

Hadisə zamanı 7000-ə yaxın insan ölüb, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.

Faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.


Müəllif: Səxavət