Hindistan müdafiə sistemi silahını təcrübədən keçirərkən kosmosda peyk vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi dövlət televiziyasında çıxışı zamanı deyib.
Mütəxəssislər isə vurulan peykin bir ay əvvəl kosmosa göndərilən və Hindistana aid olan kiçik peyk olduğunu ehtimal edirlər. Sözügedən peykin Yerdən 300 kilometr yüksəklikdə olduğu bildirilir.
Yeri gəlmişkən, Hindistan son silah təcrübəsi ilə ABŞ, Rusiya və Çindən sonra kosmosda silah istifadə edən dördüncü ölkə olub.
Millətçi baş nazir kimi tanınan Modi çıxışı zamanı “Hindistan öz adını kosmos dövləti kimi tarixə yazdırdı” ifadəsini işlədib.
Baş nazir silah sınağı zamanı heç bir ölkənin hədəfə alınmadığını söyləsə də, bunun Pakistana mesaj kimi qiymətləndirənlər də çoxdur.
Qeyd edək ki, aprelin 11-də Hindistanda seçkilər keçiriləcək və baş nazirin son addımları seçki təbliğatı fonunda özünü qabarıq göstərir.