22 Aprel 2019 00:25
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Şri-Lankada törədilən silsilə partlayışlarla şok yaşadı. Aprelin 21-də kilsə və otellərdə törədilən silsilə partlayışlar nəticəsində son məlumatlara görə, 215-dən çox insan öldü, 600-a yaxını isə yaralandı.

Publika.az xəbər verir ki, hücumları şərh edən türkiyəli terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar onları 4-cü nəsil müharibənin son halqası adlandırıb.

Onun sözlərinə görə, 3 kilsə və 3 oteldə eyni vaxtda törədilən partlayışlar “ikonik terror” anlayışını bir daha gündəmə gətirdi. Ekspert qeyd edir ki, Myanma nümunəsində olduğu kimi burada da məsuliyyət müsəlmanların üzərinə qoyularsa, çox ciddi nəticələri ola bilər.

Ekspert qeyd edir ki, bu cür hücumlara qəti şəkildə adi gözlə baxmaq olmaz. Yeni dövr terror hücumlarında dini düşmənçilik, din içərisində düşmənlik, məzhəbi düşmənlik və siyasi düşmənçilik kimi halqaların olduğunu deyən Abdullah Ağar bunları söyləyib:

“Cəmiyyətləri birbaşa dizayna yönəldən hücumlarla qarşı-qarşıyayıq. Buna qərar verən güclər bu hücumlarla ölkələri bölməyə, bu olmadıqda isə qeyri-sabitliyə, qütbləşməyə aparır. Şri-Lankada hücumlara görə məsuliyyət İŞİD-ə bənzər bir terror təşkilatının üzərinə qoyularsa, nəticələri ağır olar. Suriyadakı vəziyyət ortadadır. Bəlkə xəritədə bir bölünmə yoxdur, lakin camaat məzhəb, etnik və mənəvi bölünmə yaşayır. İraq üçün də eyni vəziyyətdir. Türkiyə üçün də bu metodu israrla sınaqdan keçirirlər”.

Şri-Lankadakı hücumların xristianların Pasxa bayramının üçüncü günündə həyata keçirildiyini və xristianların kilsədə hücuma məruz qaldıqlarını deyən mütəxəssis bildirir ki, dünyada hədəf və mənfəətlərini qorumağa çalışan güc mərkəzlərinin terror təşkilatlarından istifadə etməsi yeni bir müharibə növüdür.

Sri-Lankada 2009-ci ildən bəri “Tamil pələngləri” problemi olduğunu xatırladan Ağar hücuma görə məsuliyyəti üzərinə götürən bir təşkilatın olmadığını qeyd edib. Amma onun sözlərinə görə, hücumun hədəfi xristianlar olduğu üçün islamofobiyanın dərinləşməsinə cəhd açıqdır.


Müəllif: Teleqraf.com