Bu gün Qazaxıstanda “Feysbuk”, “İnstaqram”, “Yutub” və “Telegram”a giriş mümkün olmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilir ki, NetBlocks beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən aparılan texniki monitorinqin nəticələrinə görə, mayın 9-da internet-provayderlər Qazaxıstanda əsas sosial şəbəkələrə və “online” platformalara – “Feysbuk”, “İnstaqram və “Yutub”a, eləcə də mesajlaşma xidməti olan “Telegram”, həmçinin, xəbər saytlarına girişi bağlayıblar.
“Twitter” və “Vatsap”a giriş mümkündür, “Telegram” isə senzuraya qarşı tədbirlər görür. Bu tədbirlər tətbiqetmənin mobil və masaüstü versiyalarının qoşulmasına imkan verir”, – deyə NetBlocksun yaydığı məlumatda qeyd olunur.
Bundan əlavə bu gün səhərdən etibarən Qazaxıstan ərazisində bir sıra KİV-lərin saytı – rus.azattyq.org, exclusive.kz, vlast.kz, holanews.kz saytlarına giriş mümkünsüz olub. Bir sıra regional nəşrlərin, o cümlədən “Ağ jayık” və “Uralskaya nedelya” saytlarına girişin məhdudlaşdırıldığına dair məlumat yayılıb.
Məlumatda o da bildirilir ki, məhdudlaşdırma bu gün Qazaxıstanın bütün böyük şəhərlərində, o cümlədən Alma-Ata və Nur-Sultanda icazəsiz etiraz aksiyalarının keçiriləcəyi ilə bağlıdır. O da bildirilir ki, Qazaxıstan Baş Prokurorluğunun icazəsiz aksiyada iştirak edənlərin məsuliyyətə cəlb ediləcəyinə dair xəbərdarlığına baxmayaraq, insan haqları fəalları küçələrə çıxıblar. Alma-Ata və Nur-Sultanda saxlanılanlar var.