“Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ hökuməti ilə münasibətlərdə yaranmış problemi aradan qaldırmaq üçün Vaşinqtonda nümayəndə heyəti göndərməyi planlaşdırır”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, Paşinyan təhlükəsizlik şurasının rəhbəri Armen Qriqoryanı Vaşinqtona göndərməyə hazırlaşır: “Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və Milli Təhlükəsizlik Şurasının rəsmiləri ilə görüşməlidir”.
“Hraparak” Nikol Paşinyanın ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ilə görüşünün də uğursuz olduğunu və baş nazirin amerikalı diplomatla dil tapa bilmədiyinə diqqət çəkib.
Nəşrə görə, ABŞ tərəfi Paşinyanın Amerika əleyhinə bəyanatlarından məmnun deyil və İrəvana vəd olunan pulun verilməməsi də bununla bağlıdır:
“Halbuki Paşinyan ABŞ-dan ayrılacaq maliyyə vəsaitlərinin həcminin daha böyük olacağına ümid edirdi. Paşinyan bu problemi aradan qaldırmaq üçün çıxış yolu axtarır. Lakin Treysi ilə İrəvanda baş tutan görüş müsbət nəticə vermədi.
Buna görə də, Ermənistan baş naziri xarici işlər naziri Zohrab Mnatsakanyan və Müdafiə Nazirliyinin yüksək çinli rəsmilərilərini ABŞ-a göndərmək istəyir”.