5 İyun 2019 18:12
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali Dini lideri Əli Xamneyi islam respublikasının qurucusu Ruhulla Musəvi Xomeyninin vəfatının 30-cu ildönümü münasibətilə Tehranda keçirilən mərasimdə çıxış edərək, ABŞ Prezidenti Donald Trampın Yaponiya səfərində İranla bağlı bəyanatına reaksiya verib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ı “düşmən” adlandıran Xamneyi deyib:

“Amerika Prezidenti İranla siyasi oyun oynayır, onu aldatmağa çalışır. Düşmən bəzən təhdid edir, bəzən də aldadıcı və şirnikləndirici vasitələrdən istifadə edir. Amerika Prezidenti deyib ki, İran hazırkı rəhbərləri ilə də böyük nailiyyətlər əldə edə bilər. Mənası da budur ki, biz sizi devirmək niyyətində deyilik. Bu isə bizə qarşı siyasi bir oyundan başqa bir şey deyil.

Əlbəttə, İranın hazırkı rəhbərliyi ilə inkişaf etməsi ilə bağlı deyilən söz, əgər ölkə məsulları həqiqətən gecə-gündüz çalışıb fədakarlıq etsələr, doğru sözdür. Belə olan halda, İran daha böyük uğurlar əldə edə bilər. Lakin inkişafın bir şərti də odur ki, amerikalılar İrana yaxınlaşmasınlar”.

Qeyd edək ki, mayın 27-də Tokioya səfər edən ABŞ Prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşündən sonra jurnalistlərə açıqlamasında hökumətinin İranla bağlı siyasətindən danışıb.

O deyib ki, Vaşinqton İran rejimini devirmək niyyətində deyil:

“Mən çoxlu iranlılar tanıyıram. Onlar yüksək səviyyəli insanlardır. İranın böyük iqtisadi potensialı var. İran hətta indiki rəhbərliyi ilə belə, dünyada böyük bir ölkəyə çevrilə bilər. Onun buna şansı var. Açığını deyim ki, biz, İran rejimini dəyişmək niyyətində deyilik. Biz, sadəcə olaraq, İranın nüvə silahlarına yiyələnməsinin qarşısını almaq istəyirik. Həqiqətən də mənə elə gəlir ki, iranlılar hansısa bir razılaşmanın əldə olunmasını istəyirlər. Bu isə onların güclü zəkasının göstəricisidir. Hesab edirəm ki, bunun gerçəkləşməsinin ehtimalı böyükdür. Şəxsən mən inanıram ki, Tehranla Vaşinqton yeni bir sazişə nail ola bilərlər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər