Güney Azərbaycanın İran parlamentindəki millət vəkili Hadi Bahaduri Urmiya və Ərdəbil şəhərlərində keçirilən beynəlxalq voleybol yarışlarında azərbaycanlıların şüar səsləndirməsinə qarşı görülən tədbirlərə etiraz edib.
Teleqraf.com xəbər verir ki, o, İranın hüquq-mühafizə orqanlarının bu addımından təəssüfləndiyini bildirib.
Biletlərin satışında müəyyən problemlərin müşahidə olunduğunu deyən millət vəkili qeyd edib ki, bir çox insan yarışlara bilet ala bilməyib, bəziləri isə bilet aldığı halda stadiona buraxılmayıb:
“Bundan səlahiyyətli orqanlar məsuliyyət daşıyır. Müşahidələr göstərir ki, bəziləri azərbaycanlıların Azərbaycanla bağlı şüar səsləndirməsini istəmir, bu məsələ məni çox narahat edir. Əgər bu adamlar “Yaşasın Azərbaycan” şüarına dözə bilmirsə, o zaman biz bütün ölkədə “Yaşasın Azərbaycan” şüarını dilə gətirəcəyik. Biz azərbaycanlı millət vəkilləri də parlamentdə “Yaşasın Azərbaycan” deyirik”.
Hadi Bahaduri vurğulayıb ki, Urmiya dünyanın voleybol paytaxtıdır, “Traktor” komandası da Azərbaycanın iradəsinin simvoludur: “Biz bütün yarışlarda “Yaşasın Traktor” deyəcəyik. Mən böyük fəxrlə Urmiya xiyabanlarında bu yarışları “Traktor”un şərfi ilə izlədim. Kimsənin “Traktor” şərfinin daşımasına və ya onun stadiona gətirməsinə icazə verməməsi Azərbaycan milləti üçün böyük təhqirdir”.
Qeyd edək ki, ötən günlərdə Güney Azəbaycanın Urmiya və Ərdəbil şəhərlərində dünya millətləri voleybol liqası yarışları keçirilib. Stadionlarda azərbaycanlıların milli şüarlar səsləndirilməsinə qarşı İran hökuməti tərəfindən bilet satışına məhdudiyyətlər tətbiq olunub.