İdarəetmə sistemləri Quran ayəsi deyil, lazım gələndə dəyişdirilir. Milli iradənin rəyi nəzərə alınmadan atılan heç bir addım uğur gətirməyəcək. Heç bir idarəetmə sistemi səhərdən axşama qurula bilməz. Əmək sərf etmədən, səbr göstərilmədən dövlət və cəmiyyətin həyatının yenidən dəyişdirilməsi qısa zamanın işi deyil.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı deyib.
O, sabiq baş nazir Əhməd Davudoğlu və eks-prezident Abdullah Gülün yeni partiya yaratmaq istəyini sərt tənqid edib: “31 mart və 23 iyundan sonra siyasi birja hərəkətə gəlib, adı bayatlaşmış şəxslərin yeni partiya qurmaq iddiaları ortalığı çalxalandırır.
Vaxtilə baş nazir və prezident olmuş şəxslər birdən-birə yüksək tonla danışmağa başlayıblar. Tənqid etdikləri partiyanın vaxtilə düz göbəyindəki adların olması qəribədir. “Bu gün susmaq vaxtı deyil” çıxışı edib, sanki indiyə qədər susmuş kimi sızlayan sabiq siyasətçinin ölkəmizin başına hansı oyunlar açdığı hamıya məlumdur.
Türkiyənin çoxcəbhəli mübarizəsinə biganə qalıb əvəzində yeni bir haldan danışan baş nazirin idarəetməyə dair tənqidləri tragikomediyadır. Ölkəmizi uçuruma yuvarladanların fərqli zəmində ortaya çıxması yeni halla açıqlana bilməz”.
MHP liderinin fikrincə, Türkiyənin yeni duruma deyil, qərarlı şəkildə inkişafa ehtiyacı var: “Bu gün susmaq vaxtı deyil deyənlər qulaqlarına üflənən pıçıltı nədirsə, lazım olanı etməyə başlayıblar. Bir insanda vəfa üçün əvvəlcə vicdan və ürək olmalıdır. Yeni partiya qurmaq istəyənlər, buyurub qursunlar. Sadəcə süddən çıxmış ağ qaşıq kimi danışanlara keçmişə baxmağı tövsiyə edirəm”.