Zaporojye vilayətində Ukrayna Prezidenti Vladimir Zelenskinin kortejinin və içində uşaqlar olan avtobusun iştirakı ilə baş verən qəzanın videosu yayılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “Bu gün” nəşri məlumat yayıb.
Kadrlarda toqquşan iki minik avtomobili, onlardan azca aralıda isə prezident kortejinə məxsus, içində Dövlət Mühafizə İdarəsinin şəxsi heyət olan “Volkswagen Transporter” mikroavtobusu görünür.
Qeyd edək ki, qəza iyulun 14-də baş verib. İlkin məlumata görə, qəzaya uşaqları daşıyan avtobusu ötməyə çalışan mikroavtobus səbəb olub. Avtobus uşaqları sağlamlıq düşərgəsinə aparırmış.
Qəza nəticəsində mikroavtobuslardan biri yolun kənarındakı su arxına düşüb, digər nəqliyyat vasitələri isə mexaniki zədə alıb. Yaralanan olmayıb. Qeyd edilib ki, Ukrayna liderinin avtomobili maşınlar arasında olmayıb. Belə ki, V.Zelenski paytaxta təyyarə ilə uçub.