2 Avqust 2019 14:56
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial-iqtisadi inkişafın zəifliyi, iqtisadi problemlər dünyanın üçüncü səviyyəli ölkəsi kimi qəbul olunan Ermənistanı demoqrafik cəhətdən təhdid edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aram Safaryan deyib.

Ekspertin fikrincə, iqtisadiyyat, maliyyə, sosial müdafiə, təhsil və səhiyyə sahələrindəki problemlər Ermənistanda əhalinin təbii çoxalma potensialını azaldır.

Safaryan qeyd edib ki, Ermənistanda məhsuldarlığın dinamikasına mənfi təsir göstərən əsas amillərdən biri ailələrdə uşaqların ehtiyacı və bu ehtiyacın ödənilə bilməməsi ilə bağlıdır:

“Sovet dövründə (1970-1990) Ermənistan əhalisi 2.4 milyondan 3.5 milyona qədər artdı. Müstəqillik dövründə (1991-2018) isə bu rəqəm 2.9 milyona endi. 2018-ci ilin son hesabatına görə isə ölkə əhalisinin sayı 2.6 milyon nəfərdir.

Müstəqillik dövründə Ermənistan əhalisinin azalması doğum nisbətinin əhəmiyyətli dərəcədə azalması və əhalinin intensiv formada kənara axını ilə müəyyən edilir. Ermənistanda ölüm halları əsasən sağlamlıq durumu ilə deyil, əhalinin yaşlanması ilə müəyyən olunur. 1970-1990-cı illərdə doğumun sayı ildə 55.700-dən 79.000-ə qədər artdı, 1991-2018-ci illərdə isə ildə 36.500 nəfərə qədər azaldı”.

Politoloqun sözlərinə görə, Ermənistanda doğuş sayının azalmasının səbəblərindən biri də 1991-ci ildən sonra qız uşaqlarının doğulmasının sayının kəskin formada azalması ilə əlaqədardır:

“Bu və digər səbəblərdən ən azı 2024-cü ilədək Ermənistanda doğuşların sayının intensiv olaraq azalması davam edəcək. Araşdırmalara görə, 2016-2020-ci illərdə doğuş sayının ildə orta hesabla 1000 nəfərədək azalacağı proqnozlaşdırıldı. Ancaq əsl azalma daha intensiv şəkildə baş verdi - 2018-ci ildə doğuşların sayı 36500-ə qədər azaldı”.

Erməni ekspert ölkəsindəki əhali sayının azalmasını iqtisadi problemlərdən yaranan ümidsizliyə və bu səbəbdən ailələrin uşaq dünyaya gətirməkdən imtina etməsi, o cümlədən, Ermənistan daxilindən kənara güclü axının olması ilə əlaqələndirir:

“Məsələn, 2002-2007-ci illərdə erməni əsilli rusiyalı iş adamları Ermənistana maliyyə axını yaratdığı - iqtisadi bərpa dövründə orta illik miqrasiya saldosu müsbət oldu. Lakin 2008-ci ilin maliyyə böhranı fonunda ölkədə Serj Sərkisyanın prezidentliyi dönəminin başlaması ilə intensiv azalma başladı. Keçən il baş verən hakimiyyət dəyişikliyindən sonra da Ermənistanın iqtisadi vəziyyətinin kəskin yaxşılaşması və bunun demoqrafik problemlərin həllinə təkan verəcəyi barədə fikir demək mümkün deyil.

Bu istiqamətdə olan problemlərin həlli üçün görülən tədbirlərin nəticəsiz qaldığını etiraf etmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər