“Newtimes.az” portalında “Avropa İttifaqının London və Moskva siyasəti: kəsişən və fərqlənən mövqelər” sərlövhəli məqalə dərc edilib. Teleqraf.com məqaləni təqdim edir.
Ekspertlərin qənaətinə görə, Brüssel bir sıra geosiyasi məsələlərdə daha fəal və müstəqil mövqe tutmağa başlayır. Buna nümunə olaraq Avropa İttifaqının Böyük Britaniya və Rusiya siyasəti göstərilir. Lakin Brüsselin bu dövlətlərin hər biri istiqamətində mövqeyi fərqlidir. Böyük Britaniya ilə bağlı Brexit məsələsi aktualdırsa, Rusiya istiqamətində problemlər çoxdur. Londona münasibətdə Brüssel “ağrısız boşanma”nın yollarını axtarırsa, Moskva ilə daha ciddi və daha çox məsələlərdə fikir ayrılığı vardır. Söhbət Aİ-nin, ümumiyyətlə, Rusiya ilə əməkdaşlıq edib-etməməsindən gedirsə, Böyük Britaniya ilə Brexitdən sonra da sıx əməkdaşlıq üsullarından gedir. Yəni, London amili Avropanın bütövlüyü məsələsidirsə, Rusiya ən yaxşı halda “mehriban qonşu” kimi Aİ-yə lazımdır. Bu mövqe kontekstində Aİ-nin Böyük Britaniya və Rusiya siyasətinin bəzi incəlikləri üzərində dayanmaq istərdik.
Consona iki cavab: “bekstop” problemi böyüyür
Anlaşılan odur ki, Avropa İttifaqı Rusiya istiqamətində siyasətinə yeni dinamika verir. Brüssel Moskva ilə aktual olan geosiyasi problemləri geniş və prinsipial mövqedən müzakirə edir. Burada maraqlı və gizli bir rəqabətin də şahidi oluruq. Fransa və Almaniya Rusiya məsələsində liderliyi ələ almaq uğrunda öz aralarında gizli mübarizə aparırlar. Lakin məsələ bununla məhdudlaşmır. Aİ Böyük Britaniya faktoruna London-Brüssel münasibətlərinin yeni dinamikası prizmasından baxmağa çalışır. Bununla Aİ-nin London və Moskva siyasəti arasında geosiyasi aspektdə müəyyən yeni əlaqələrin elementləri özünü göstərir. Bu məqamın çərçivəsində Brüsselin hər iki istiqamətdə yeritdiyi siyasətin məzmunu maraqlıdır.
Öncə Böyük Britaniya-Aİ münasibətlərinin ziddiyyətləri haqqında. Məlumdur ki, Brexit məsələsi bütövlükdə Avropa üçün ciddi problemlərdən birinə çevrilib. Tereza Meyin siyasi karyerası bu məsələyə görə xeyli ziyan gördü. İndi Boris Conson Brexiti bu il oktyabrın 31-dək birdəfəlik həll etməyi qarşısına məqsəd qoyub. Lakin qarşıda ciddi bir maneə vardır. Brüssel-London münasibətlərində problem yaradan “bekstop” adlanan faktordur. İngiliscədən tərcümədə bu söz “əks-təsirli məhdudlaşdırıcı” mənasını verir və ya texnikada avtomobilin təkəri altında qoyulan alətdir ki, əks istiqamətdə onun hərəkətinə mane olsun. Siyasi termin kimi iki ölkə arasında sərhəd məsələlərinin tənzimlənməsində istifadə olunan məhdudlaşdırma kimi nəzərdən keçirilir. Konkret olaraq, Brexitlə bağlı “İrlandiya bekstop”u termini işlədilir.
Bu termin Şimali İrlandiya ilə İrlandiya arasında sərhəd tənzimlənməsinin Brexitlə əlaqəli qaydalarını əks etdirir. Belə ki, Brüssel arzulayır ki, Şimali İrlandiya ilə İrlandiya arasında Brexitdən sonra sərt məhdudlaşdırıcı sərhəd şərtləri olmasın və hər iki ölkənin vətəndaşları əvvəlki kimi sərbəst hərəkət edə bilsinlər. Məsələ onunla bağlıdır ki, Brexit Şimali İrlandiyanın Böyük Britaniyanın tərkibində qalmasını, İrlandiyanın isə Aİ-yə daxil olmasını nəzərdə tutur.
Deməli, faktiki olaraq, irlandlar fərqli siyasi-iqtisadi mühitdə yaşamalı olurlar. Həm də London Brexitdən sonra Aİ-yə qarşı müəyyən hüquqi addımlar atmağa hazırlaşır. O cümlədən Brexitdən sonra Aİ vətəndaşlarının ölkədə hərəkətinə məhdudiyyət qoyulacaq. İndi Brüssel “bekstop”un qalmasında israr edir. London isə bunu istəmir. Londonun ehtiyatlılığının səbəbi vardır. Məsələ ondan ibarətdir ki, əgər Şimali İrlandiya ilə İrlandiyanın sərhədində məhdudiyyətlər olacaqsa, onda irland radikalizmi və ekstremizmi yenidən baş qaldıracaq. Təbii ki, bu, Böyük Britaniya üçün yeni başağrısı, terror dalğasının güclənməsidir. Digər tərəfdən, əgər Brüsselin vurğuladığı şərtlər daxilində “bekstop” qalacaqsa, onda Aİ uzun illər Böyük Britaniyanın iqtisadi sisteminə, bazarlarına nəzarət edə biləcək. London da məhz bunu istəmir. B.Consonun dediklərindən aydın olur ki, oktyabrın 31-də “bekstop”la və ya onsuz ölkə Aİ-ni tərk edəcək. Ancaq indidən siyasi mübarizə həmin kontekstdə kifayət qədər intensivləşmiş məzmunda görünür.
Baş Nazir B.Consonun Berlin və Paris səfərlərində bu məqam özünü daha qabarıq göstərdi. Belə ki, Aİ-nin bu iki böyük dövlətinin paytaxtlarında “bekstop”un taleyi həll edilmədi. Bundan öncə B.Conson Aİ rəhbərliyinə məktub yazaraq “bekstop” mexanizmini sazişdən çıxarmağı istəyib. Əks halda, Böyük Britaniya Aİ-dən saziş olmadan çıxacaq. Bu isə o deməkdir ki, London Şimali İrlandiya sərhədində “bekstop”u tanımayacaq. Əgər Brüssel daha israrlı olsa, London Şimali İrlandiya üzərindəki ticari suverenliyindən imtina etmək məcburiyyətində qalacaq. Cavabında Donald Tusk konkret mövqe tutub. O yazıb ki, “bekstop” İrlandiya adasında sərt sərhədin yaranmasına imkan verməməyin sığortasıdır. Bu, alternativ həll tapılana qədər belə olacaq. B.Conson Berlinə səfəri öncəsi bununla bağlı ifadə edib ki, D.Tuskun cavabı nikbinlik yaratmır. Ancaq London fəallığını azaltmaq fikrində deyil. Baş Nazir istədiklərinə nail olacağına inandığını deyib. Konkret olaraq, “bekstop”la bağlı nəsə etmək lazımdır. Bu formada sazişi parlamentdən keçirə bilməyəcəyik” kimi fikirlər ifadə edib.
Brexit və Solsberi olayları: London-Moskva-Brüssel xəttinin “qırılma nöqtələri”
Ancaq KİV-ə sızan məlumatlara görə, B.Conson Berlinlə hələlik dil tapa bilmir. Angela Merkelin artıq razılaşdırılmış şərtləri dəyişə bilməyəcəklərini dediyi məlum olub. A.Merkel “bekstop” məsələsinin Brexitdən sonra baş tutacağını arqument kimi gətirərək, indidən sazişdə hansısa dəyişiklik etməyin lazım gəlmədiyini deyib. Xatırladaq ki, B.Conson məhz Brexit öncəsi “bekstop” maddəsinin sazişdən çıxarılmasını tələb edir.
Buna baxmayaraq, iki avropalı lider Rusiyanın “Yeddilər” qrupuna (G7) dəvət edilməsi məsələsində ortaq mövqe nümayiş etdiriblər. A.Merkel və B.Conson Moskvanın bu quruma dəvətini erkən və əsassız sayıblar. Almaniya kanslerinin mövqeyini dəstəklədiyini deyən B.Conson “Skripal olayı”nı unutmadıqlarını bir daha təkrarlayıb. Bundan əlavə, Britaniyanın Baş Naziri Rusiyanın dünyanın müxtəlif regionlarında təxribatlar törətdiyini də fakt kimi gətirib. A.Merkel isə “Rusiyanın hələ çox iş görməli olduğunu” vurğulayıb. Bu sırada o, hər şeydən öncə, Kremlin Minsk sazişinin şərtlərinə əməl etməsinin vacibliyini deyib.
Bununla aydın olur ki, Aİ və Böyük Britaniya arasında Brexitlə bağlı fikir ayrılığı qalsa da, Rusiya məsələsində onlar ortaq mövqedən çıxış edirlər. Bu isə bütövlükdə Avropanın prinsipial geosiyasi məsələlərdə vahid mövqedən çıxış etmək imkanlarının qaldığını göstərir. Lakin Paris bu aspektdə, deyəsən, bir qədər fərqli mövqedədir. B.Consonun Paris səfərində bu, aydın hiss olundu.
Ümumiyyətlə, A.Merkel kimi Emmanuel Makron da “bekstop” məsələsində B.Consonu dəstəkləmir. Fransa Prezidenti Brexit barədə sazişə yenidən baxılmasını mümkün hesab etmir. Ancaq Rusiyanın G7-yə dəvət edilməsi məsələsini gündəmə gətirir. Əslində, bu həm də Donald Trampın mövqeyidir. Konkret olaraq, 2020-ci ildə G7-nin ABŞ-dakı sammitinə Vladimir Putini də dəvət etmək fikri mövcuddur. D.Tramp hesab edir ki, bundan G7 qazana bilər.
Böyük Britaniya və Almaniyada isə bu cür düşünmürlər. Mövqe fərqliliyinin arxasında nələr dayanır? Hər şeydən öncə, bir daha aydın olur ki, Vaşinqton Avropadan daha çox Amerikanı düşünür. D.Tramp Rusiyanı G7-yə qaytarmaqla sözsüz ki, qarşılığında müəyyən güzəştləri nəzərdə tutur. Lakin bunların nələrdən ibarət olduğu məlum deyil. Təxmin etmək olar ki, Vaşinqton bununla Rusiyanın Çinlə daha da yaxınlaşmasının qarşısını almağa çalışır. Fransa da eyni cür düşünə bilər. Paris üçün digər əhəmiyyətli məsələ Aİ-də liderliklə bağlıdır.
Ənənəvi olaraq Fransa Rusiya ilə daha çox ortaq hərəkət edib, nəinki Almaniya ilə. Bu baxımdan G7-də Rusiyanın iştirakı prinsipial geosiyasi məsələlərdə Paris və Moskvanın bir-birinə dəstək vermək imkanlarını artıracaq. Bu Fransanın Almaniya qarşısında mövqeyini gücləndirmiş olur. London və Berlin isə Rusiya məsələsində daha kəskin mövqe tutmaqla öz geosiyasi maraqlarını qoruyurlar. Onlar üçün Ukrayna məsələsi çox önəmlidir. Bundan başqa, Böyük Britaniya və Almaniya G7-də hansısa başqa ölkənin mövqelərinin güclənməsini istəmirlər.
Bunlar Brüsselin Böyük Britaniya və Rusiya siyasətinin tamamilə fərqli meyarlara əsaslandığını göstərir. Bu baxımdan Almaniyanın xarici işlər naziri Hayko Maasın Rusiyada həmkarı Serqey Lavrovla görüşdə kifayət qədər sərt danışması başa düşüləndir. Almaniyanın xarici işlər naziri demək olar ki, heç bir məsələdə S.Lavrovun mövqeyi ilə razılaşmayıb. Xüsusilə söz azadlığı məsələsində tərəflər bir-birini ciddi olaraq ittiham ediblər
Belə görünür ki, Avropa İttifaqı artıq daha ciddi səviyyədə müstəqil geosiyasi güc statusunda çıxış etməyə çalışır. Lakin bu proses təşkilat daxilində müəyyən ziddiyyətləri hələ aradan qaldırmayıb. Bu, Fransa ilə Almaniya arasında fikir ayrılığının olmasında da öz ifadəsini tapır. Yuxarıda vurğulanan məqamlar kontekstində ekspertlər üçün bir sual aktuallaşır: Avropa İttifaqı daxilində liderlik uğrunda Fransa və Almaniya arasında rəqabət güclənirmi? Bu, təşkilat daxilində inteqrasiya proseslərinə necə təsir edə bilər?
Newtimes.az