Hər il 11 sentyabr hadisələrinin ildönümündə amerikalılar Nyu York, Virciniya və Pensilvaniyada terror hücumları nəticəsində həlak olmuş 3000-ə yaxın insanın xatirəsini yad etmək üçün anım tədbirlərində bir araya gəlirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin 11 sentyabr 2001-ci il hadisələrinin 18-ci ildönümü münasibətilə yaydığı məlumatda bildirilib.
Səfirlik qeyd edib ki, hücumların baş verdiyi məkanlarda tikilən üç əsas xatirə abidələri ilə yanaşı, ABŞ-ın digər şəhərlərində də həyatlarını itirmiş insanların xatirəsini yad etmək məqsədilə abidələr ucaldılıb.
Qeyd edək ki, 11 sentyabr 2001-ci ildə “Əl-Qaidə” terror təşkilatının üzvləri ABŞ-da intiharçı hücum həyata keçiriblər. 19 nəfərdən ibarət terrorçu qrup 4 təyyarəni qaçırıb. Təyyarələrdən ikisi Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinin, biri Pentaqonun binasına çırpılıb. Bir təyyarə isə Pensilvaniya ştatı ərazisində qəzaya uğrayıb.
Hücumlar nəticəsində 2977 nəfər həlak olub, daha 24 nəfər itkin düşmüş sayılır. Ölənlərin əksəriyyəti mülki şəxslərdən ibarət olub. Bu, qurbanlarının sayına görə tarixin ən böyük terror aktıdır.