17 Sentyabr 2019 19:28
2 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son hadisələr göstərir ki, regionda proksi, yəni dolayı müharibə sürətlə gedir. Proksi müharibə o deməkdir ki, bir-biri ilə ziddiyyətdə olan ölkələr rəqib dövlətin regiondakı mənafeyinə, yaxud maraqlarına maksimum zərbə endirmək üçün müxtəlif vasitələrə əl atırlar. Yəni, birbaşa deyil, müxtəlif qruplaşmalar, yaxud regionda mövcud olan özlərinə yaxın müxtəlif cərəyanlardan istifadə etməklə bu müharibəni aparırlar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti – “Saudi Aramco”ya məxsus iki neft emalı zavoduna pilotsuz uçuş aparatlarının hücumundan sonra bölgədə münaqişənin yenidən alovlanması ehtimalının olub-olmadığına dair məsələni şərh edən İ.Vəlizadə bu proxsi müharibələrin qarışıq vəziyyət yaratdığını vurğuylayıb:

“Sentyabrın 14-də baş verən bu hücumlardan dərhal sonra ABŞ İranı günahlandırdı. Hərçənd ki, bu hadisənin baş verməsində husi qruplaşma – “Ansar-Allah” öz boynuna götürüb. Amma bu versiyaların heç biri inandırıcı görünmür. Çünki baxın, Səudiyyə Ərəbistanının bu müəssisələri ətrafında çox güman ki, təhlükəsizlik sistemi qurulub. Bundan başqa ölkənin hava hücumundan müdafiə sistemi var. Əslində zəif sistem də deyil. Bu sistemi asanlıqla yarıb 10-20 ədəd PUA-nın asanlıqla 1200 kilometr ərazini fəth edə bilməzdi. Demək, burada müxtəlif fərziyyələr var. Belə bir fərziyyə də var ki, ola bilsin həmin dronlar Səudiyyə Ərəbistanının ərazisindən qalxıblar. Heç də sərhədi keçməyiblər və bu zavodarın yaxınlığında yerləşiblər”.

İ.Vəlizadə deyib ki, ABŞ bu hadisədə İranın əlinin olduğunu bildirir:

“Ancaq Səudiyyə rəsmiləri bu iddianı əsas iddia kimi qəbul etməyə tələsmirlər. Görünür, onlarda başqa hansısa məlumatlar var. Hansı ki, açıqlanmır. Görünür, hansısa dəlillər var ki, həmin dəlillər İranın rolunu burada göstərmir. Yəqin ki, Səudiyyə Ərəbistanının əlində başqa faktlar da var. Bəlkə ona görə açıqlamırlar ki, o faktlar ABŞ-ın fərziyyəsini alt-üst edir”.

Bəs bu prosesdə hansı qüvvələr maraqlı ola bilər? İ.Vəlizadə bu suala cavab olaraq deyib ki, burada həm siyasi, həm də iqtisadi oyunçular var:

“Bəllidir ki, “Aramco” iri müəssisədir. Onun sıradan çıxması bir çox oyunçulara, o cümlədən ABŞ-ın özündə olan neft korporasiyalarına xeyirlidir. Çünki onların neft bazarındakı mövqeləri möhkəmlənir. Digər tərəfdən hazırda “Aramco”nun səhmləri satışa çıxarılır. Səudiyyə onu yüksək qiymətə satırdı. Amma alanlar, Amerika şirkətləri bundan narazı idi. İndi bu zərbələrdən sonra “Aramco”nun ümumi qiyməti 300 milyon dollar aşağı düşüb. Əlbəttə, indi onun səhmlərini almaq istəyənlər üçün əlverişli şərait yaranıb. Bax, görürsünüz, təkcə İran maraqlı deyil. Digər maraqlı oyunçular ki, onlar vəziyyətdən maksimum yararlanmağa çalışacaqlar”.

Müsahibimiz bildirib ki, ABŞ-ın Ər-Riyadı bu hadisəni İranın törətdiyinə inandırmaqda əsas istəyi Səudiyyə Ərəbistanının bu fərziyəni əsas götürərək sonra İrana qarşı cavab addımı atmasına nail olmaqdır:

“Bu da regionda ölkələr arasında açıq müharibəyə gətirib çıxara bilər. Səudiyyə Ərəbistanı İrana cavab olaraq silah işlətsə, o zaman ABŞ kənara çəkilə, siyasi meydanı burada öz müttəfiqi olan Səudiyyəyə verə, onun əli ilə Tehrana hərbi təzyiqlər bilər. Özü də maksimum şəkildə qala, mövcud hərbi risklərdən maksimum sığortalana bilər. Hadisələr bunu göstərir”.

Neft bazarında qiymətlərin necə olacağına gəldikdə isə politoloq qeyd edib ki, bazarda qiymətlər təxminən 20 faiz artıb:

“Ola bilsin ki, ilin axırınadək neftin orta hesabla qiyməti 70-75 dollar olsun. Amma onu da nəzərə almaq lazımdır ki, neft bazarında neft kifayət qədər çoxdur. Yəni, təklif tələbi xeyli üstələyir. Üstəlik, dünya iqtisadiyyatının inkişaf tempi müəyyən dərəcədə azalıb. Bu da neftə olan tələbatı azaldır. Ona görə də mütəxəssislər neftin qiymətinin kəskin bahalaşmasından danışımırlar. Onlar daha realistik qiymətlər deməyə çalışırlar. Bu proqnozlar da yaxın gələcək üçün təxminən 70-75 dolları aşmır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər