Filippində mərkəzi rayon olan Bikoldan bu gün 12-mindən çox insan ölkənin ən aktiv vulkanın püskürməsi təhlükəsi ucbatından təxliyyə edilib.
ANS PRESS-in məlumatına görə, bu barədə Albay vilayətinin rəsmiləri xəbər veriblər.
Qeyd edək ki, bundan əvvəl titrəmələrin davam etməsi və çoxalması ucbatından Filippin vulkanalogiya və seysmalogiya institutu təhlükə səviyyəsini 2-dən 3-ə qaldırıb. Ekspertlərin fikrincə püskürmə yaxın həftələrdə baş verə bilər.
Vilayətin başçısı Co Salsedin sözlərinə görə, təcili şəkildə vulkandan 6-8 kilometr aralıda yerləşən yaşayış məskənlərinin əhalisi təxliyyə edilib. Onlar hamısı 3 ay ərzində müvəqqəti sığınacaqlarda qalacaqlar. Püskürmə başlayarsa o təqdirdə vulkanın kraterindən cənub-şərqdə yerləşən digər rayonların əhalisi də daha təhlükəsiz bölgələrə köçürüləcək.
Qeyd edək ki, Mayon 600 ildə 50 dəfə püskürüb və bunlardan sonuncusu 2009-cu ildə baş verib. Püskürmələrdən ən dağıdıcısı 1814-cü ildə baş verib. Bu zaman 1200 insan həyatını itirib.