6 Noyabr 2019 14:20
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Freedom House” hüquq müdafiə təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında 48-ci çıxarıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən qurumun hesabatları siyasi xarakter daşıyır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

O qeyd edib ki, “Freedom House” internetin azad olmadığı ölkə kimi əhalisi 1 milyard 200 milyonu keçən Çini göstərir:

“Təşkilatın reytinqində birincilik isə İslandiyaya məxsusdur. O İslandiyaya ki, əhalisinin sayı 300 mindən bir az artıqdır. Hələ mən ərazi barədə müqayisə aparmıram. Məsələyə sadə məntiqlə yanaşsaq, Çində hər bir halda internetlə bağlı problem İslandiyadan çox olmalıdır. Amma bunun önəmi yoxdur. Çünki məqsəd Çinin belə demək mümkünsə, azadlıqsevməz mənfi təqdimatına yönəlib.

“Freedom House” hesabat hazırlayarkən dünyada şəbəkə istifadəçilərinin 87 faizinin yaşadığı 65 ölkəni araşdırıb. Yanaşma qəribədir. Görəsən, siyahıda birinci olan İslandiyanın payına neçə faiz düşür? Və ya ona düşən faiz imkan verirmi ki, ölkə birinci olsun?

Deməli, internetin 87 faizi dünyadakı iki yüzə yaxın ölkədən 65-də cəmlənirsə, məntiqlə internetin azadlıqdan kənar mahiyyətini yerdə qalan ölkələrdə axtarmaq lazımdır. Təbii ki, niyyət safdırsa...

Azərbaycana keçməzdən öncə bildirim ki, “Freedom House” Gürcüstanı və Ermənistanı müvafiq olaraq 10 və 13-cü yerlərdə yerləşdirib. Bəli, təşkilat illərdir “ənənəsinə” sadiqlik nümayiş etdirir. Sən demə Ermənistan internet azadlığına görə dünya liderlərindəndir. Ermənistan, özü də dünyada 13-cü yer. Tutalım Gürcüstandakı vəziyyət bizdən yaxşıdır. Amma müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz”.

Əflatun Amaşov qeyd edib ki, Azərbaycanda internet sahəsində problemlər, hətta çox ciddi problemlər var:

“Bunu kimsə istisna etmir. Bu barədə çox danışılır. Amma məsələ “Freedom House”nin iddia etdiyi kimi də deyil. Əksinə ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumən internet Azərbaycanın həyatına daxil olub. Təkcə “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır.

Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Əgər problemdən danışmaq istəyiriksə, bəli deməliyik ki, bu gün ölkəmizdə internetin verdiyi imkanlardan sui-istifadə də var. Gündə bir yeni xəbər saytının adı ilə rastlaşırıq. Bəli, azadlıq kimi dəyərləndirilməli olmayan, azadlığı təhdid edən təhlükə budur.

Sonda bir daha bildirim ki, “Freedom House” hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Qurum köhnə şablonlarını bu hesabatında da istifadə edib. Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər