“ABŞ Prezidenti Donald Trampla görüşdə FETÖ terror təşkilatının lideri Fəthullah Gülənin Ankaraya ekstradisiya edilməsi də müzakirə olunacaq”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-a səfərindən əvvəl jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan Vaşinqtonda baş tutacaq görüşdə əsas müzakirə mövzusunun Suriya olacağını bildirib:
“PKK/YPG terror təşkilatına İŞİD terror təşkilatına olan münasibəti göstərmələrini tələb edəcəyik. Fərhad Abdi Şahinin (Məzlum Kobani) necə bir qatil olduğunu və belə bir terrorçuya xoş münasibət göstətməyin yanlış olacağını deyəcəyəm. Bununla bizimlə əldə edilmiş anlaşmanı pozduqlarını da diqqətlərinə çatdıracağıq. Digər yandan Serablusdan İraq sərhədlərinədək təhlükəsizlik zolağının qurulması bizim üçün prioritetdir, bunu da qarşı tərəfə bildirəcəyəm”.
Türkiyə lideri ABŞ-la gərgin münasibətlərin qaydasına salınmasının vacib olduğunu deyib:
“Münasibətlərimiz dumanlı olsa da, bunu yoluna qoymaq məsələsində həmfikirik. Aradakı problemlərin həlli istiqamətində ciddi irəliləyişlər var. Ümid edirəm ki, Vaşinqtonda keçirəcəyimiz görüşlər ciddi nəticələr verəcək”.
Ərdoğan ABŞ və Rusiya ilə anlaşmaya baxmayaraq, terrorçuların sərhəd bölgələrindən geri çəkilmədiyini bildirib:
“Təəssüf ki, hələ də Menbiç və Təl Abyadda terrorçulara rast gəlirik. Nə ABŞ, nə də Rusiya ilə birlikdə verilən vaxt ərzində terrorçular buradan çıxdılar. Bunlar haqda Trampla danışacağıq.Geri qayıtdıqdan sonra Putinlə telefon vasitəsilə görüşəcəyik”.