Rusiya Misirlə razılığa gəldiyi 3,5 milyard dollarlıq silah satışını həyata keçirəcək.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Hərbi-Texnoloji xidmət rəhbəri Aleksandr Fomin danışıb. O bildirib ki, Rusiya və Misir arasında silah satışı 30 illik fasilədən sonra yenidən başlayıb.
Misirdə hakimiyyətə gələn Abdülfettah El-Sisi Moskvaya etdiyi səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşərək, hərbi əməkdaşlıq və silah satışı məsələsində razılığa gəlib.
Misirin Rusiyadan alacağı silahın 2 milyard dollarlıq hissəsinin Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdiriləcəyi iddia edilir.
Misir hərbi eksperti Hossam Süveylama görə, Misir Rusiyadan Kornet tipli raket sistemlərini, Tor-M1 hava müdafiə qurğularını, Mi-8 və Mi-17 vertolyotları və Miq 29 döyüş təyyarələrini alacaq.
Rus mənbələrə görə, Misir Mig-35 döyüş təyyarələri, S-300, S-400, Buk-M2e və Tor-M2 raket komplekslərini, dizel sualtı gəmilər və digər silahları da almaq niyyətindədir.
Rusiyaya qarşı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara baxmayaraq, silah satışı razılaşmalarından irəli gələn bütün öhdəliklərini yerinə yetirdiklərini qeyd edən Fomin iqtisadiyyatı gücləndirmək üçün hər gün çalışacaqlarını bildirib.
Xatırladaq ki, Rusiya Misirlə yanaşı, İraq, Suriya və Liviya ilə də silah satış müqavilələri imzalayaraq Yaxın Şərqdəki fəaliyyətini artırır. Rusiyanın silah ixracatında Çin və Hindistan ən böyük paya sahib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.