16 Noyabr 09:05
376

Ukraynaya səfəri edən bir qrup jurnalist Azərbaycanın Kiyevdəki səfiri Azər Xudiyevin təşəbbüsü ilə Xarkovda tanınmış azərbaycanlı heykəltaraş, Ukraynanın xalq rəssamı Katib Məmmədovla onun emalatxanasında görüşüb.

Teleqraf.com-un hazırda Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının professoru vəzifəsində çalışan tanınmış memarla müsahibəni təqdim edir.

- Katib müəllim, siz Rusiya və Ukraynada kifayət qədər tanınırsınız. Amma Azərbaycanda bir o qədər də məşhur deyilsiniz. Özünüz haqqında ətraflı məlumat verə bilərsinizmi?

- 1963-cü ildə Gəncəbasarda Üçtəpə kəndində anadan olmuşam. İndi Ukraynanın xalq rəssamıyam, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının professoru vəzifəsində elmi fəaliyyətlə məşğulam və dərs deyirəm. Belə demək mümkünsə, vaxtımın böyük hissəsini yaradıcılığa sərf edirəm.

Xarkova 1986-cı ildə gəlmişəm. İki il işlədikdən sonra 1988-ci ildə instituta daxil oldum, 1993-cü ildə bitirdim. Vaxtilə tələbəsi olduğum akademiyada 26 ildir dərs deyirəm. Pedaqoq kimi akademiyada az oluram, dərs saatlarımda azdır. Daha çox yaradıcılıqla məşğulam.

- Maraqlıdır, emalatxanada həm milli, həm də Avropa tipli əl işləriniz var. İlk yaradıcılığa nə zamandan başlamısınız?

- İlk yaradıcılığıma 6 yaşından başlamışam. Mənim özümün saytım, vikipediyam var. Ora baxsanız görərsiniz ki, uşaq vaxtı qoyun otara-otara gildən heykəllər düzəldir, şəkillər çəkir, tut ağacında quşlar üçün yuva düzəldirdim. Bunların hamısı müəllimsiz, özfəaliyyət idi.

Mənim müəllimim təbiət, Allah, sənətə sevgi və böyük zəhmətdir. Əslində ilk əl işlərim daha çox həvəskar uşağın maraq dairəsi idi, sonradan Allahın verdiyi bu istedad peşəkarlıq səviyyəsinə çatdırılıb.

- Emalatxanada yüzlərlə əl işi, heykəllər, rəsmlər gördük. Bütün bunlar sizin necə ilinizi alıb?

- Gördüyünüz əl işləri 30 illik fəaliyyətimin nəticəsidir. Hətta Gəncədə olduğum müddətdə işlədiyim əsərləri də bura gətirmişəm. Eləcə də tələbə olduğum zaman Nizami Gəncəvinin heykəlini Gəncəyə apararaq kitabxanalara hədiyyə etmişəm.

- Azərbaycanda əl işləriniz varmı?

- Demək olar ki, yoxdur. Tələbəlik dövründə hazırlayıb Gəncədə kitabxanalara və fərqli güşələrə özüm hədiyyə etdiyim əl işlərim olub. Amma bunu nəzərə almıram.

- Ukraynanın xalq rəssamı, zəngin emalatxanası olan azərbaycanlı heykaltaraşın əl işlərinə harada rast gəlmək olar?

- Son iki ili götürdükdə Xarkovda bir neçə heykəlim qoyulub. Məsələn, Xarkovda Qurçinkaya çəkdiyi filmlərdəki personajları ilə birlikdə heykəl qoyulub. Bu mənim əl işimdir. Xarkovda SSRİ xalq artisti Lüdmila Qurçinkanı çox sevirlər və onun özü Xarkovda doğulub. Həmçinin Xarkovdakı Şevçenko parkında 4 əsərim qoyulub. Bunlar Dunayevski, Sujinka, Bernerst və Bikovun əsərləridir.

Dnepetrovski şəhərində qoyulan “Zərgər Qranovski” mənim kompozisiyamdır. Odessa şəhərində Kisa Vorobyaninovun abidəsi mənim əl işimdir. Qeyd edim ki, Moskvada da mənim əl işim olan heykəllərə rast gələ bilərsiniz. Mexaniki olaraq hansı şəhərlərdə heykəllərimin olduğunu bircə-bircə deməyə çətinlik çəkirəm.

- Əl işləriniz Avropaya gedib çıxmayıb?

- Avropaya da ayaq açırıq. Qeyd edim ki, Praqada bir neçə əl işim satılıb, qalereyam açılıb. Bir neçə işlərim Pekində satılıb.

- Sizin çox böyük və zəngin emalatxananız var. Turistlər, incəsənətlə maraqlanan insanlar bura gəlirlərmi?

- Mən hər gün qonaq qarşılamalı olsam, işləyə bilmərəm. Bura gələnlərdən əvəlcədən xəbərim olmalıdır. Məsələn, sizin bura gələcəyiniz haqqında öncədən məlumatlı idim, müəyyən qədər hazırlıqlar da görmüşdüm. Qəfil qonaq gəlirsə və siz məşğulsunuzsa, qonağı qarşılayanda gil quruyacaq.

Planım var ki, gələcəkdə bu emalatxananı muzey edim, yan tərəfdə özümə emalatxana açım. Biz gəldi-gedərik, əsərlər qalacaq. Bizim meriya, şəhər rəhbərliyi məni fəxri adam kimi sevirlər. O mənada ki, Azərbaycandan gəlmişəm, Ukraynanın mədəniyyətini təmsil edirəm, yaradıram, eyni zamanda öz mədəniyyətimizi də təqdim edirəm.

Oğlum hazırda yaşadığımız Xarkov şəhərinin tibb universitetində təhsil alır. Metrodan çıxıb universitetə gedəndə Qurçinkanın heykəlinin yanında keçir. O, bir azərbaycanlı və ya heykəlin müəllifi olan atasının əl işinə baxanda fəxr edir. Çünki orada əsərin müəllifi kimi mənim, bir azərbaycanlının adı qeyd edilib. Oğlum kimi çoxlu azərbaycanlılar da bunu görəndə sevinir. Amma təəssüf ki, biz bir qədər geridə qalmışıq, adımız alverdə, ticarətdə daha çox çıxıb.

- Elmi fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyim kimi, daha çox zamanımı yaradıcılığa həsr edirəm. Professor vəzifəsində çalışıram, əslində elmlər namizədiyəm və yaxın gələcəkdə doktorluğu müdafiə etmək niyyətim var.

- Dərs dedyiniz akademiyada azərbaycanlı tələbələr təhsil alırmı?

- Bizdə təhsil alan azərbaycanlı tələbələrimiz var. Akademiyada 5-6 azərbaycanlı tələbə təhsil alır, səhv etmirəmsə onların üçü Azərbaycandan gəlib. Azərbaycanlı tələbələrimizin sayı azdır. Amma nəzə alın ki, işin maliyyə tərəfi də var. Təhsil almaq maliyyə tələb edən sahədir.

Açığı, bilirəm ki, hər adam burada oxumağı da bacarmır. Bunun üçün ildə 2-3 min dollar təhsil haqqı vermək, qalmaq, yaşamaq lazımdır.

Amma sizə deyim ki, Xarkovda Fövqəladə Hallar Akademiyasında çoxlu sayda bizim azərbaycanlılar təhsil alır. Təəssüf ki, bəziləri bizi yaxşı tərəfdən tanıtmırlar.


Müəllif: Teleqraf.com