18 Noyabr 2019 14:08
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tiflisdə parlament binasının etirazçılar tərəfindən mühasirəsi davam edir.

Teleqraf.com xəbər verir ki, dünəndən parlamentin binasını mühasirədə saxlayan etirazçılar deputatlara içəri girməyə imkan vermir.

Hakim Gürcü Arzusu Partiyasından olan deputatlar Revaz Arveladze və Merab Kvaraya, habelə müstəqil millət vəkili Giya Jorjoliyani parlamentə girməyə çalışsa da, etirazçılar buna imkan verməyib. Yalnız xidmətçilərin girişinə icazə var. Onlar təkcə deputatları deyil, həm də media nümayəndələrini də parlamentin binasına yaxın buraxmır.

Parlamentin qarşısında nümayişçilərlə birlikdə olan müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının funksioneri Zaal Udumaşvili blokadanın davam edəcəyini və deputatlara binaya girişə imkan verməyəcəklərini bildirib.

Parlament binası qarşısında etirazlar dünən başlayıb. Binanın üç xidməti girişində çadır qurulub, zibil və qum torbaları ilə qapıların qarşısı kəsilib. Etirazçılar binanın qarşısında tonqal yandırır.

Nümayişçilər hökumətdən erkən parlament seçkilərinin keçirilməsini tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu