Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin bütün tərəfləri üçün məqbul olan variant üzərində işə başlamağı təklif edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə rusiyalı jurnalistlərlə görüşündə danışıb.
Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyi və ölkənin gələcəyini təmin etmək baxımından prioritetdir.
Baş nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqlənir:
“Əgər bir həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”.
Bununla əlaqədar olaraq, Nikol Paşinyan Azərbaycan tərəfini “üç tərəf” üçün məqbul olan bir həll variantı üzərində işləməyə dəvət edib.
Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul olan variantlar olmayıb.