"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinin Boeing 737 təyyarəsi Tor-M1 zenit-raket kompleksindən atılan iki qısa mənzilli "yer-hava" raketi ilə vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ikinci ilkin istintaq hesabatına istinadən bildirib.
Agentliyin məlumatına əsasən, raketlər Ukrayna aviaşirkətinə məxsus təyyarəyə şimal istiqamətindən atılıb. "Bloomberg" İranın ikinci ilkin istintaqının nəticələri ilə bağlı digər məlumat vermir.
Qeyd edək ki, yanvarın 8-i İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı 11 yanvar səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.